• Ca. Okt 16th, 2025

Oktyabrın 17-si təqvimimizdə əbədi qalacaq

ByVuqar Ferzeliyev

Okt 16, 2025

       Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında Füzulinin azad edilməsi xüsusi əhəmiyyətə malikdir. Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar.

        Füzuli şəhərinin işğalçılardan azad edilməsinin çox böyük mənası var idi. Bu, bizim ordumuza əlavə güc verdi, inam verdi və bu qələbədən sonra bizim şanlı əsgərlərimiz öz tarixi missiyasını digər yerlərdə də icra etdi. Rayonun camaatı yaxşı bilir ki, müharibənin ilk günlərində Füzuli rayonunun 4 kəndi azad olundu və bu, bizim birinci uğurumuz idi.

       Vətən müharibəsinin gedişində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edilmişdir. Ümumiyyətlə, 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Bu döyüşlərdə Füzuli rayonundan 80 nəfərədək sakin şəhid olmuş, 300 nəfərədək sakin yaralanmışdır. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Bu əməliyyat sayəsində həmçinin Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad edilmişdi.

      Füzulinin düşməndən azad olunması ordumuza əlavə güc verdi, mənəvi ruh verdi. Bu mənəvi üstünlüyü biz müharibənin son gününə qədər, son dəqiqəsinə qədər saxladıq. Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyev tərəfindən Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin qəhrəmanlığı da yüksək qiymətləndirilib: ” Prezidentin müvafiq sərəncamları ilə 25325 hərbçimiz “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Bundan başqa, dövlətimizin başçısının 2023-cü ilin iyulun 31-də imzaladığı sərəncamla da hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü ölkəmizdə təntənəli şəkildə qeyd edilir.

Emil Şəmmədov,

Vətən müharibəsi iştirakçıları və

şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi