Gənclik hər bir dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən böyük qüvvə olduğu üçün cəmiyyətin təbəqəsi sayılır.Ona görə də gənc nəslin inkişafı, onların mükəmməl vətəndaş kimi yetişməsi sivil cəmiyyətlərdə qarşıya qoyulan məsələlərdən biridir.
Ulu Öndər Heydər Əliyev demişdir: “Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır.” Dövlətin gənclər siyasəti hər zaman prioritet məsələ kimi Ulu Öndər Heydər Əliyevin nəzarətində olub. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğını əsirgəməyib. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.
Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini müəyyən etmişdir.
Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirildi.2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq üçün Ulu Öndər ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb. onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir. Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanılmışdır.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayır.
Vüqar Cavadov,
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin
Cəlilabad rayonu üzrə gənclər və idman sektoru