• C. Noy 22nd, 2024

ÖLKƏMİZİN İNKİŞAFINDA ULU ÖNDƏR
HEYDƏR ƏLİYEVİN MÜSTƏSNA XİDMƏTLƏRİ

Byyenigun

Dek 12, 2021

Müstəqillik illərində Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatlarına üzv qəbul edildi, faydalı əməkdaşlıqlar quruldu. Həyata keçirilən regional və qlobal layihələr Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı. Müxtəlif sahələrdə baş verən yeniliklər, xarici dövlətlərlə yaradılan dostluq və əməkdaşlıq münasibətləri, iqtisadi göstəricilər müstəqillik illərinin uğurlarıdır.
Ulu Öndər bölgədə və dünyada baş verən hadisələrə prinsipial yanaşırdı, tarixi şəraiti düzgün qiymətləndirərək ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Bunun özü isə xüsusi məharət, istedad, bilik tələb edirdi. Dövrün ən tanınmış siyasətçiləri, prezidentləri, diplomatları, alimləri onu “siyasət nəhəngi”, “siyasət qrossmeysteri”, “siyasət patriarxı” adlandırırdılar. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan onun fəaliyyətini belə qiymətləndirirdi: “Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur”.
Ümummilli Lider Azərbaycan dövlətçiliyinin bütün vacib sferalarda möhkəmləndirilməsi ilə yanaşı, güclü vətəndaş cəmiyyətinin formalaşması məsələsini də prioritet istiqamət kimi diqqətində saxlayırdı. O öz çıxışlarında deyirdi: “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”.
Ümummilli lider Azərbaycanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürmüş, bu mütərəqqi dəyişikliklərin ictimai şüurda tədricən qəbul olunması zərurətini önə çəkmişdir. Böyük öndərin dövlətçilik konsepsiyası Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modelini yaratmışdır. İctimai-siyasi sabitlik bu modelin əsas dayaqlarından, istinad nöqtələrindən biri kimi çıxış etmişdir. Ulu öndər o zaman qarşıya qoyduğu vəzifələri belə bəyan etmişdi: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.
Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur. Ulu öndərimizin uzaqgörən siyasəti nəticəsində ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması, vaxtilə çoxlarının əfsanə hesab etdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinin reallaşdırılması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir. 1993-cü ildən sonra ölkəmizdə aparılan dövlət quruculuğu prosesi hərtərəfli inkişaf edən, müasir, demokratik, yerləşdiyi bölgədə lider ölkəyə çevrilən qüdrətli Azərbaycan Respublikasının yaradılmasına səbəb olmuşdur.
İlqar Nədirov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir