Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə deyilir ki, son üç ildə Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistan arasında qarşılıqlı lider səfərlərinin sayı tərəflər arasında əlaqələrin dinamikasının miqyasını göstərir.
Özbəkistan-Azərbaycan münasibətləri regional əməkdaşlığın ən parlaq nümunəsidir. Xalqları birləşdirən tarixi köklər və mənəvi yaxınlıq, iki dövlət rəhbərləri arasında formalaşmış şəxsi etimad münasibətləri siyasi dialoqu daha da gücləndirib. Qısa müddətdə imzalanan müttəfiqlik sənədləri, 2025–2029-cu illəri əhatə edən Yol Xəritəsi və Ali Dövlətlərarası Şuranın yaradılması əlaqələrin institusional əsasını möhkəmləndirib. Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəyişməz dəstək və Qarabağın bərpasına töhfə olaraq Füzulidə məktəb inşa etməsi qardaşlıq münasibətlərinin real təzahürüdür.
İqtisadi-ticari əlaqələrdə də əhəmiyyətli irəliləyiş müşahidə olunur. 2024-cü ildə ticarət dövriyyəsinin 252 milyon dollara çatması və növbəti il üzrə sürətli artım tərəflərin iqtisadi inteqrasiyaya verdiyi önəmin göstəricisidir. Ümumi kapitalı 500 milyon dollar olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması qeyri-neft sektorunda birgə layihələrin yeni mərhələsinə şərait yaradır. Energetika, yüngül sənaye, transit-logistika infrastrukturu, xüsusilə də Xankəndidə birgə müəssisənin fəaliyyətə başlaması iki ölkənin iqtisadi əməkdaşlığının praktiki nəticələridir.
Nəqliyyat sahəsində əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Tranzit yüklərinin həcminin bir il ərzində 18 faizdən çox artması, həmçinin ölkələr arasında müntəzəm hava reyslərinin artması regiondaxili inteqrasiyanın sürətləndiyini göstərir. Azərbaycanın liman və dəmir yolu infrastrukturu, eləcə də gələcəkdə açılması nəzərdə tutulan Zəngəzur dəhlizi Mərkəzi Asiya üçün əlavə logistik imkanlar formalaşdırır.
Mədəni-humanitar əməkdaşlıq iki ölkə arasında qardaşlıq münasibətlərinin ən canlı sahəsidir. Mədəniyyət günləri, şəhərlər arasında qardaşlaşma layihələri, Bakıda “Özbəkistan” parkının salınması və Daşkənddə Heydər Əliyev meydanı kimi dostluğu , qardaşlığı simvolizə edən addımlar xalqlar arasında yaxınlığı daha da möhkəmləndirir.
