Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ölkədə gənclər siyasətinin inkişafında strateji əhəmiyyət kəsb edən mühüm dövlət institutudur. Fondun əsas məqsədi gənclərin təhsil, elm, innovasiya, mədəniyyət və sosial sahələrdə fəaliyyətini dəstəkləmək, onların yaradıcılıq, liderlik və təşəbbüskarlıq bacarıqlarını inkişaf etdirməkdir. Bu təşəbbüs dövlətin gənclərə yönəlik siyasətinin həyata keçirilməsində effektiv mexanizm rolunu oynayır və gənclərin cəmiyyət həyatında fəal iştirakını təmin edir.
Prezident yanında Gənclər Fondunun fəaliyyətinin mühüm istiqamətlərindən biri “Gənclər evi”nin paytaxt Bakı və bölgələrdə fəaliyyət göstərməsidir. Bu mərkəzlər gənclərin vətənpərvər ruhda formalaşdırılmasında, sosiallaşmasında və fərdi inkişafında mühüm rol oynayır. “Gənclər evi” gənclərə müxtəlif təhsil, mədəni və sosial layihələrdə iştirak etmək imkanları təqdim edərək onların bilik və bacarıqlarını artırır, həmçinin dövlətin gənclərlə bağlı strategiyasının icrasını gücləndirir.
Eyni zamanda, Fondun dəstəklədiyi layihələr və proqramlar gənclərin innovativ ideyalarını həyata keçirmələrinə şərait yaradır, onların potensialını dövlətin sosial-iqtisadi və mədəni inkişaf prioritetlərinə uyğun istiqamətləndirir. Bu baxımdan, Prezident yanında Gənclər Fondu yalnız gənclərin fərdi inkişafını təmin etmir, həm də onların məsuliyyətli, vətənpərvər və aktiv vətəndaş kimi formalaşmasına xidmət edərək Azərbaycanın davamlı inkişafına strateji töhfə verir.
Saatlı rayon Mərkəzi Kitabxananın əməkdaşı
Ruhiyəə Baxşıyeva
