• Şb. Noy 23rd, 2024

PREZİDENT İLHAM ƏLİYEVİN LİDERLİK FENOMENİ

Byyenigun

Dek 23, 2021

Hər bir xalqın tarixində xilaskar rolunu oynayan Lider var. Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik həsrətinə son qoyan Ali Baş Komandan İlham Əliyev məhz həmin liderlərdən biridir. Çünki məhz İlham Əliyevin Sərkərdəliyi ilə çoxlarının qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsi cəmi 44 günə həll olundu. Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan İlham Əliyevin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü.
Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə – Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. “Ali Baş Komandanın bircə əmrinə müntəzirik”,– deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduqlarını döyüşdə sübuta yetirdilər.
Məhz cənab İlham Əliyevin diplomatik məharətinin nəticəsində Ermənistan illərlə möhkəmləndiyi, “keçilməz” istehkamlar qurduğu Ağdamı, Laçını, Kəlbəcəri bir güllə atılmadan Azərbaycana qaytardı. Bu, Ali Baş Komandan və qətiyyətli Lider prinsipiallığının, cəsarətinin təntənəsi idi. Şanlı Zəfərlə cənab İlham Əliyev hər bir azərbaycanlının qəlbində əbədi heykəlini ucaltdı və bir daha alternativsiz Lider olduğunu isbatladı.
Qarabağı “dəmir yumruq”la azad edən Ali Baş Komandan bu gün dəmir iradə ilə qədim yurdumuzu yenidən qurur. Bütün şəhər və qəsəbələrin, rayonların, kəndlərin baş planını təsdiq edir və aparılan tikinti-quruculuq işləri ilə şəxsən maraqlanır. İşğaldan azad edilən ərazilərimizə Qalib Sərkərdə kimi səfər edərək düşmənə gözdağı verir.
Hörmətli Prezident, cənab Ali Baş Komandan! Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Biz Sizi Azərbaycan xalqının inkişafına və rifahına yönəlmiş ölçülüb-biçilmiş siyasət yürüdən müdrik dövlət başçısı və ölkəsinin əsl vətənpərvəri kimi tanıyırıq. Əminik ki, Sizin rəhbərliyiniz ilə vətənimiz bundan sonra da demokratik dövlət quruculuğu, sabit iqtisadi və sosial inkişaf yolu ilə inamla irəliləyəcək. İcazə verin, bu əlamətdar gündə Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edim.
Hafiz Cavadov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir