Azərbaycan dünyanın az saylı dövlətlərindəndir ki, pandemiya ilə mübarizədə ilk günlərdən qabaqlayıcı tədbirlər görərək istədiyinə nail olub. Qısa müddətdə 40 min çarpayı potensialı olan xəstəxanalar hazır vəziyyətə gətirilib, 13 modul tipli xəstəxana inşa edilib, gündə 20 min test keçirilə bilən 42 müasir laboratoriya fəaliyyətə başlayıb. Məhz, bütün bu səbəblərdəndir ki, vətəndaşların hökumətin pandemiya ilə mübarizəsindən razılıq səviyyəsinə görə Azərbaycan dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmağa nail oldu.
COVID-19 pandemiyası başlayandan bəri Azərbaycan həm də dünyanı cənginə alan xəstəliklə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. İndiyədək Azərbaycan bu istiqamətdə bir sıra vacib və dəyərli təşəbbüslərlə çıxış edib, dünya güclərini həmrəyliyə çağırıb. Məhz, Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının uğurla keçirilməsi, təşkilatın vaksinasiya ilə əlaqədar qətnamə qəbul etməsi Azərbaycanın beynəlxalq ictimaiyyətin əlaqələndirilmiş birgə fəaliyyətinə böyük töhfələri hesab edilir. Bu mənada, Azərbaycan pandemiyaya qarşı ölkə daxilində ardıcıl mübarizə tədbirləri gördüyü kimi, beynəlxalq miqyasda da özünü məsuliyyətli dövlət kimi aparması ilə böyük rəğbət qazanıb, qlobal həmrəyliyin möhkəmlənməsinə fəal dəstək nümayiş etdirib.
Prezident İlham Əliyev 2020-ci ilin aprel ayında nazirlərin iştirakı ilə keçirdiyi iclasda söyləmişdir: “Bizim üçün prioritet məsələ, – mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, – insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir.” Bu aydın hədəflər nəticəsində Azərbaycan səhiyyə sistemi tez bir zamanda COVID-19-la mübarizəyə səfərbər edildi və pandemiya səbəbindən işsiz qalan əhalinin sosial müdafiəsi gücləndirildi. Uzaqgörən və çevik qərarlar qəbul olundu.
Ölkəmiz pandemiyaya qarşı mübarizədə qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini daim təbliğ edir. Cənab İlham Əliyevin apardığı gərgin iş sayəsində Azərbaycan pandemiyaya qarşı qlobal mübarizədə Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırıb. ÜST-ün əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasının bağlanış mərasimində xüsusi qonaq qismində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında pandemiyanın ilk günlərindən Azərbaycanda COVID-19 əleyhinə praktiki tədbirlər həyata keçirildiyini, hazırda uğurlu peyvəndləmə kampaniyası aparıldığını vurğulayıb.
Onu da qeyd etmək vacibdir ki, Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verən ölkə də Azərbaycan olub. Ölkəmiz 4 milyon doz vaksinin gətirilməsini öncədən təmin edib. Azərbaycan Avropa İttifaqından cəmi 1 ay sonra vaksinasiya işlərinə başlayıb və bu mühüm tədbir uğurla davam etdirilir.
Bir məsələni də xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə olunmasını daim pisləyib. Dövlət başçısının da qeyd etdiyi kimi, davam edən “peyvənd millətçiliyi” və peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınıb. Bu problemin həlli məqsədilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürüb, həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunub. Azərbaycan inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırıb.
Dövlət başçısının hər bir çağırışı isə bizimçün qanundur, Biz hər sahədə, harada olursa olaq, Vətən müharibəsində olduğu kimi, Prezidentimizin arxasında möhkəm dayanmalıyıq. Yaxşı bilirik ki, Prezident İlham Əliyev üçün vətəndaşların can sağlığının qorunmasından ümdə məqsəd yoxdur.
Elnur Azadxanov, Cəlilabad RMX direktoru