• Şb. Dek 6th, 2025

Prezidentdən icra başçılarına tapşırıq

ByVuqar Ferzeliyev

Noy 13, 2025
 “Yerlərdəki bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlər öz həllini tapsın. Burada da əsas prinsip sosial ədalət prinsipidir. Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir”. Bu sözləri Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən söyləyib.
  Prezident məmurların şəxsi keyfiyyətləri ilə bağlı tövsiyələr verir: “Verdiyim tapşırıqlar əsas iş prinsipləri olmalıdır - ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq lazımdır. Rəhbər vəzifədə çalışan şəxs, məmur təvazökar olmalıdır. Həyatda, məişətdə, özü, yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın”.
  Prezident bildirib ki, vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi:
   Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir.

Mirsüleyman Mirxaslı,

YAP Cəlilabad Rayon Təşkilatının sədri