Möhtərəm Prezident İlham Iliyev bu günlərdə yeni tarixi görüş keçirib. Dövlət başçısı burada bildirib ki, ölkəmizdə 2025-ci ilədək 11 min şəhid ailəsinin və qazinin mənzillərlə təmin edilməsi nəzərdə tutulub. Bu rəqəm ilk baxışda inanılmaz görünür, ancaq biz dövlətimizin qüdrətinə, imkanlarına bələdik, hər şeydən əvvəl ölkə rəhbərinin qətiyyətinə və iradəsinə bələdik.
Azərbaycan dövlətinin şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən tədbirlər sırasında onların dövlət vəsaiti hesabına tikilən mənzillərlə, fərdi evlərlə və avtomobillərlə təmin olunması da xüsusi yer tutur. Bu da Azərbaycana xas olan bir nümunədir. Müqayisələr aparaq. Müharibələr dünyanın hər yerində baş verir. Ancaq hansı ölkədə döyüşlərdə həlak olanların yaxınlarına və yaxud müharibə əlillərinə dövlət hesabına mənzillər, avtomobillər təqdim olunur? Belə ölkələrin siyahısı çox məhduddur və yaxud heç yoxdur. Götürək, işğalçı Ermənistanı. Forpost dövlət ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə Azərbaycanla müqayisədə 2-3 dəfə çox itki verib. Verilən məlumatlara görə, işğalçı Ermənistan İkinci Qarabağ müharibəsində 7-8 min civarında insan itkisi verib, reallıqda isə düşmən tərəfin canlı qüvvə itkisi daha böyük rəqəmlərlə ölçülür. Lakin bu ölkədə müharibədə ölənlərin ailələrinin birinə də heç daxma da verilməyib.
Azərbaycanın yanaşması isə tamam fərqlidir. Ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin olunması proqramı uğurla həyata keçirilir. Xatırladaq ki, Prezident İlham Əliyev 25 avqust 2021-ci il tarixində Sərəncam imzalayıb. Bu sənəd 2020-ci ildə Ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın ailələrinin və bu müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin mənzil və ya fərdi evlərlə təminatını nəzərdə tutur. Bütün bunlar bir daha onu göstərir ki, şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir və Azərbaycan dövləti öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir. Biz bu sədaqəti ürəkdən alqışlayırıq. Yaxşı bilirik ki, Prezidentimizin dediyi söz, verdiyi vəd hökmən yerinə yetiriləcəkdir.
Rafael Məmmədov, Cəlilabad RİH əməkdaş