Vaqif Poeziya Günlərinin açılışı münasibətilə mərasim iştirakçılarını və bütün Azərbaycan xalqını təbrik edən dövlətimizin başçısı deyib: “Vaqifin məqbərəsi bütün digər tarixi abidələrimiz kimi işğal edilmiş torpaqlarda erməni vandalizminə məruz qalmışdır. Bu gün isə məqbərə tam bərpa edilib və dünən məqbərənin ikinci açılışı olmuşdur. Bildiyiniz kimi, Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını ulu öndər Heydər Əliyev vermişdir. Onun təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də burada qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdur. Bu, sıradan olan hadisə deyildi. Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi”.
Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində otuz ilə yaxın işğal altında saxlanılan ərazilərimizi azad edərək öz ərazi bütövlüyünü bərpa etdi. Zəfərimizdən dərhal sonra həmin ərazilərdə bərpa və yenidənqurma işlərinə start verildi. Dövlətimizin başçısı bərpa işlərinin aparıldığı ərazilərimiz mütamadi səfərlər edərək, işlərin nəticəsi ilə özü yaxından tanış oldu, tövsiyələrini verdi. Prezident İlham Əliyev budəfəki səfərində də istər ölkə əhalisinin, istərsə də, beynəlxalq ictimaiyyətinin diqqətini sürətlə gedən quruculuq işlərinin miqyasının böyüklüyünə cəlb etdi. İnsanlar qısa zaman kəsiyində nəhəng quruculuq işlərinin həyata keçirildiyinin şahidi oldular.
Prezident İlham Əliyev yanvarın 14-də Şuşa şəhərinə səfərində XIX əsr Azərbaycan şairi və ictimi xadimi Molla Pənah Vaqifin məqbərəsində təmir-bərpa işləri aparılmasını, yenidən qurulmasını tapşırmışdı: “Bu, həm dünənki tariximizə, həm də klassik ədəbiyyatımıza böyük sayğının, sevginin təzahürü idi. Dövlət başçısının tapşırığı böyük sürətlə və məsuliyyətlə yerinə yetirildi. Avqustun 29-da Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışında iştirak etdi. Bu, Azərbaycan ədəbiyyatı və tarixi üçün mühüm əhəmiyyət kəsb edən hadisədir”.
Dövlətimizin başçısının 39 ildən sonra yenidən təşkil edilən Vaqif Poeziya Günlərində iştirakı, Üzeyir Hacıbəylinin heykəlinin, Vaqifin büstünün, Bülbülün ev-muzeyinin açılışını etməsi Azərbaycan ədəbiyyatına və incəsənətinə dövlət səviyyəsində qayğının təzahürüdür. Prezident qeyd edib ki, uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki, bunun üçün heç bir tarixi, mədəni əsas yox idi. Onu da nəzərə almalıyıq ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır. “Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməlqoyma mərasimi, “Qarabağ” hotelinin açılışı onu deməyə imkan verir ki, mədəniyyət paytaxtımız Şuşa nəinki ölkəmizin, dünyanın gözəl şəhərlərindən birinə çevriləcək.
Elmira Abbasova, respublikanın əməkdar müəllimi