“Rusiya fevralda Ukraynaya hücum edəcək” iddiası; Amerika dövlət katibi narahatlığını bəyan edib, Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi deyir ki, sərhədə 92 mindən çox rus hərbçi cəmləşdirilib – ekspert mövqeyi…
ABŞ dövlət katibi Entoni Blinken və Bayden administrasiyası narahatdır. “Yeni Müsavat” yazır ki, Qərb cəbhəsi Rusiyanın Ukrayna üzərində qara bulud kimi dolaşmasının hansı nəticəyə hesablandığı üstündə baş sındırır. Blinken Rusiya Silahlı Qüvvələrinin Ukrayna sərhədləri boyu “qeyri-adi fəallığının” Birləşmiş Ştatlarda və onun müttəfiqlərində ciddi narahatlıq yaratdığını bəyan edib. Onun sözlərinə görə, daha əvvəl baş verənləri nəzərə alanda Rusiya qoşunlarının sərhədə cəmləşdirilməsi hərbi müdaxiləyə hazırlıq ola bilər.
Sitat: “Biz bilmirik prezident Putinin niyyətləri nədir, amma biz keçmişdə nələrin baş verdiyini bilirik. Biz guya Ukrayna və ya başqa ölkənin təxribata əl atdığı barədə illüziya yaradaraq buna istinad etmək fəndini də bilirik. Hansı ki, bu təxribat illüziyası sonradan Rusiyanın çoxdan planlaşdırdığı hərəkətlərinə haqq qazandırmaq üçün istifadə edilir”.
Göründüyü kimi, Putin Qərbi Ukrayna cəbhəsində indidən psixoloji baxımdan məğlubiyyətə uğradıb. Əgər ABŞ dövlət katibi deyirsə ki, “Biz bilmirik prezident Putinin niyyətləri nədir”, deməli, Vaşinqton Moskvanın spontan addımlarından çəkinir. Bəs Rusiyanın Ukraynaya hücumu inandırıcıdırmı? Rusiya özü savaşa hazırdımı, yoxsa əzələ nümayişi göstərib, xox gəlmək istəyir?
Yeri gəlmişkən, Fransanın “Ouest-France” nəşri Avropada böyük müharibənin törəyə biləcəyi 3 regionun adını çəkib. Nəşrin ekspertlərinin fikrincə, hazırda müharibə ocaqlarından birincisi Belarus-Polşa sərhədidir. Burada minlərlə miqrant toplanıb və Belarusla AB sərhədində ciddi narahatlıq yaşanır.
İkinci müharibə ocağı Rusiya-Ukrayna sərhədi, üçüncüsü isə Bosniya və Hersoqovinadır. İddia edilib ki, Belarusla sərhəddə Polşa, Litva, Latviya və yaxud Belarus hərbçilərindən hər hansı birinin təsadüfi atəşi, Ukrayna-Rusiya sərhədində separatçı qurumlar, Bosniya və Hersoqovinada isə millətçi əvhal-ruhiyyə qığılcım rolunu oynaya bilər.
“Sərhədə 92 mindən çox hərbçi cəmləşdirən Rusiya 2022-ci ilin yanvarının sonlarında, fevralın əvvəlində Ukraynaya hücum edə bilər”. Bunu isə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “Military Times” nəşrinə müsahibəsində bildirib.
K.Budanov Rusiyanın Ukraynaya hücuma hazırlaşdığını vurğulayıb: “Artilleriya və zirehli texnika ilə hücum Odessa və Mariupola desant endirilməsi ilə davam edəcək. Belarus sərhədindən də kiçik qüvvə ilə hücum olacaq. Bu hücum 14 minə yaxın ukraynalının həyatına son qoymuş 2014-cü ildəki münaqişə ilə müqayisədə daha dağıdıcı olacaq”. K. Budanov ABŞ və Ukrayna kəşfiyyatlarının Rusiyanın hücuma keçəcəyi müddətlə bağlı proqnozlarının da oxşar olduğunu qeyd edib.
Züriyə Qarayeva
Siyasi ekspert Züriyə Qarayevanın “Yeni Müsavat”a dediyinə görə, Ukrayna ilə bağlı məsələ, digər münaqişə ocaqları kimi, Qərb-Rusiya konfrontasiyasının daim qüvvədə qalması üçün hər iki tərəfin maraqlarına xidmət edir: “Rusiya işğal edib və işğalın davamlı olmasında, status-kvonun qorunub saxlanmasında maraqlıdır. Qərbi isə Ukraynanın suverenliyi və milli maraqları qətiyyən maraqlandırmır. Qərb işğal faktını əldə bayraq tutaraq Rusiyanı beynəlxalq maliyyə bazarından sıxışdırmağa çalışır. Üstəlik, Rusiyanın bir çox beynəlxalq platformalarda Ukrayna ilə qarşıdurma səbəbindən kənarda saxlanılır. Müvafiq problem Rusiyanın G8-dən çıxarılması üçün də əsl fürsət oldu”.
Təhlilçinin sözlərinə görə, münaqişənin davam etməsi Qərbin çıxarlarına uyğun olduğu üçün qarşıdurma eskalasiya həddinə çatarsa, açıq müdaxilə iddiası edən güclər yenə də yumşaq güc mübarizəsini davam etdirəcək: “Rusiya bunu bildiyi üçün qarşı tərəfə formal da olsa güc göstərişinə davam edir. Rusiyanın bu məsələ əsas hədəfi Türkiyənin loyal mövqeyini qazanmaqdır. Bu isə düşünürəm ki, olduqca çətin məsələdir. Ona görə Rusiya diplomatik hiylələrini davam etdirməyə cəhdlər etsə də, hərbi hücumların şahidi olmayacağıq”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”