Azərbaycan ilə Türkmənistan münasibətlərinin tarixi qədim tarixə malikdir. Belə ki, eyni kökə aid olan azərbaycanlılar və türkmənlər həm də eyni mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir. Orta Asiya xalqları içərisində milli mənsubiyyəti baxımından azərbaycanlılara ən yaxın olan xalqlardan biri məhz türkmənlər hesab olunur. Hər iki xalq türklərin oğuz boyundandır. Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olublar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşıb. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlayıb.
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 9-da qurulub. 1999-cu il iyunun 8-də Türkmənistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 2001-ci il iyunun 4-də Türkmənistan tərəfi maliyyə problemlərini əsas gətirərək Azərbaycandakı səfirliyinin fəaliyyətinə müvəqqəti xitam verib. 2008-ci ildə səfirlik yenidən öz fəaliyyətini bərpa edib. 2002-ci ilin avqustunda isə Azərbaycanın Aşqabadda səfirliyi fəaliyyətə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2008-ci ilin noyabrın 28-də Türkmənistana rəsmi səfərə gedib. Türkmənistan Prezidenti Qurbanqulu Berdimühəmmədovla təkbətək görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, əlaqələrin daha da genişlənəcəyinə əminlik vurğulanıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Geniş tərkibdə keçirilən görüşdə isə prezident Qurbanqulu Berdimühəmmədov ölkəsinin Azərbaycanla münasibətlərinə böyük önəm verdiyini vurğulayıb. Türkmənistanın dövlət başçısı həmçinin bir çox sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.
Türkmənistanla Azərbaycan xarici siyasət sahəsində BMT Nizamnaməsinə və tanınmış beynəlxalq hüquq normalarına riayət etməklə prinsipial və qəti mövqedən çıxış edir. Ölkələrimiz dünyada və qitədə, regional məsələlərdə, Xəzər dənizi zonasında sabitliyin və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir. İki qardaş ölkə böyük beynəlxalq təşkilatlarda, ilk növbədə, BMT-də, bir sıra regional strukturlarda uğurla və səmərəli əməkdaşlıq edir.
Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşması haqqında imzalanmış sənəd isə xalqlar arasında əsrlərdən gələn birliyi möhkəmləndirən mühüm rəmzi addım oldu.
Necə deyərlər, xeyirli, uğurlu olsun.
Arif Nəcəfov,
Cəlilabad rayon Statistika İdarəsinin rəisi