Artıq Xankəndi şəhərində Qarabağ Universiteti də fəaliyyətə başlayıb. Prezident İlham Əliyev 20 sentyabr tarixində Qarabağ Universitetində çıxışında bildirib ki, 44 günlük müharibənin əsası məhz 27 sentyabr tarixində qoyuldu, daha sonra ordumuzun uğurlu antiterror tədbirləri erməni işğalının birdəfəlik kökünü kəsdi: Azərbaycan ordusu çox qısa zaman kəsimində xalqımızın başına gətirilən müsibətlərin qisasını aldı, törədilən təxribatların yerindəcə cavabı verildi. Məhz bu tarix ordumuzun gücünü, xalqımızın həmrəyliyini nümayiş etdirdi, tariximizdə böyük bir dönüş nöqtəsi oldu. Yaranan bu yeni reallıq nəticəsində qarşımızdakı düşmən Azərbaycan ordusunun və dövlətinin gücünü görmüş oldu, suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa olundu.
Ulu Öndər 1969-cu ildə hakimiyyətə gələndən sonra bütün separatçıların yuvaları dağıdıldı və sabitlik yaradıldı. Keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə azərbaycanlıların sayı 9 faizdən, təqribən 30 faizə qədər artdı. Dəmir yolu çəkildi ki, azərbaycanlılar müxtəlif bölgələrdən buraya daha tez gələ bilsinlər. Xankəndidə dəmir yolu vağzalı tikildi, böyük infrastruktur layihələri yaradıldı – Sərsəng, Suqovuşan su anbarları. Bir neçə müəssisə yaradıldı və bu müəssisələrdə çalışan azərbaycanlılar müxtəlif bölgələrdən, o cümlədən Qarabağ bölgəsindən gəldilər. Bütün bunlar davam edirdi. Ancaq 1987-ci ildə Heydər Əliyev istefaya göndəriləndən sonra yenə də separatçılar baş qaldırdılar və bu dəfə bu, xalqımıza çox baha başa gəldi;
Ulu Öndər Heydər Əliyevin istefasından iki həftə sonra bir sovet erməni
alimi Fransanın “Humanite” qəzetində məqalə dərc etmişdi ki, “Dağlıq Qarabağ
Muxtar Vilayəti” Azərbaycandan çıxarılıb Ermənistana birləşməlidir. Cəmi iki
həftədən sonra, – artıq Heydər Əliyev iqtidarda yox idi, – dərhal burada – Xankəndidə və Ermənistanda hərəkət başlamışdı, müxtəlif təşkilatlar yaradılmışdı. Mərkəzi hökumət, yəni Sovet İttifaqı rəhbərliyi buna laqeyd yanaşırdı. Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi zəiflik, qorxaqlıq, bəzi hallarda xəyanət göstərmişdir. Həm 1980-ci illərin sonlarında, həm 1990-cı illərin əvvəllərində Xalq Cəbhəsi hakimiyyətinin satqınlığı, qorxaqlığı, xəyanəti nəticəsində biz torpaqları itirdik. Xankəndidən azərbaycanlılar qovuldu, ondan sonra – müstəqillik elan olunandan dörd ay sonra 1992-ci ilin fevralında Xocalı soyqırımı törədildi, Şuşa, Laçın, Kəlbəcər.işğal olundu,
Əgər 1993-cü ildə xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyev Azərbaycana gəlməsəydi, Azərbaycan, ümumiyyətlə, dünya xəritəsindən silinə bilərdi. Sabitlik yaradıldı, inkişafa qədəm qoyuldu və quruculuq işlərinə başlandı. Məhz bu tarix nəticəsində Azərbaycan xalqı illərdir gözlədiyi torpaqlara geri qayıtma imkanı əldə edib. Azərbaycan torpaqlarının heç bir qarışında separatçılar mövcud deyil. Təbii ki, Azərbaycan işğaldan azad etdiyi torpaqlarda həyatı dirçəltməyə davam edir.
Aqil Nəzərov,
Şəhid qardaşı, Vətən müharibəsi iştirakçısı, Komanlı
kənd tam orta məktəbinin müəllimi