• Ca. Mar 13th, 2025

Qadın haqlarının hüquqi əsasları.

ByVuqar Ferzeliyev

Mar 10, 2025

Azərbaycan qadınlarının taleyi də Rusiya qadınlarının vəziyyətindən yaxşı deyildi. Görkəmli ictimai xadim Əhməd bəy Ağayev 1905-ci ildə özünün “Müsəlmanların petisiyasına zəruri izahatlar” adlı məqaləsində ürək ağrısı ilə yazırdı ki, Rusiyadakı müsəlmanlar, o cümlədən Azərbaycan türkləri yaşamırlar, ömür çürüdürlər. Yaşamaq – düşünmək və hərəkət etməkdir. Hanı bizim düşüncəmiz, hanı bizim əməllərimiz? Axı biz hətta danışmağı, haqla, təbiətcə bizim olanı xahiş etməyi bacarmırıq. Rusiyada yaşayanların hamısı danışır, düşünür, duyur, ictimai həyata bu və ya digər şəkildə reaksiya verir. Bir tək biz müsəlmanlar cansız bədən kimi səssiz-səmirsiz, susqun yatırıq.

Azərbaycan arxivlərinin fondlarında şəriət qanunlarının müsəlman qadınlarının hüquqlarını qorumaq sahəsində  rolunu təsdiqləyən minlərlə sənəd aşkar edilmişdir. Bundan başqa, qadın hüquqlarını tənzimləyən Mülki qanunlar külliyyatı, Zaqafqaziya Müsəlman Ruhani İdarəsi haqqında Əsasnamə və başqa mənbələr də mövcuddur.

Qadınların bir başqa bəlası da qapalılıq, guşənişinlik idi. Bu mürtəce adətə görə, qadınlar ictimai həyatda iştirak edə, öz ailə üzvlərindən başqa kişilərlə ünsiyyətdə ola bilməzdilər, onlar həmişə evdə olmalı idilər. Şəhərli qadınlar evdən çıxarkən çadraya bürünməliydilər. Azərbaycanın kəndlərində isə qadınlar çadra geymirdilər, onlar ağızlarını və burunlarını baş yaylığı ilə (yaşmaqla) örtürdülər.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra vətəndaş cəmiyyətinin inkişafında və müstəqil dövlətin qurulmasında qadınların rolu artmağa başladı. Müasir Azərbaycanda qadınların hüquqlarının müdafiəsi istiqamətində intensiv işlər görülür. Ölkəmiz 1992-ci il avqustun 4-də “Qadınların siyasi hüquqları haqqında” 1952-ci il BMT Konvensiyasına, 1995-ci il iyunun 30-da BMT-nin “Qadınlara münasibətdə ayrıseçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasına, 2001-ci ildə Birləşmiş Millətlər Təşkilatının Qadınlar üçün İnkişaf Fondunun “Zorakılıqsız həyat” regional məlumatlandırma kampaniyasına qoşularaq öz üzərinə müvafiq öhdəliklər götürmüşdür.

Azərbaycan bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək və konvensiyalara qoşulmaqla yanaşı, ölkə daxilində də qadınların hüquq və azadlıqlarının qorunması istiqamətində bir çox normativ-hüquqi aktlar qəbul edib. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “Qadın zorakılığı haqqında” qanunları, Ailə Məcəlləsinə edilən dəyişiklikləri buna misal çəkmək olar.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanında qadının cəmiyətimizdəki rolu haqqında deyilir: “Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynamışdır”.

Ölkəmizin sürətli inkişafı naminə Azərbaycan qadınları bu gün də elm, mədəniyyət, habelə həyatın digər sahələrində misilsiz nailiyyətlər qazanırlar. Bu nailiyyətləri isə saymaqla qurtaran deyil.

Soltanova Zahidə

Saatlı Dövlət Rəsm Qalereyasının bələdçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir