• Bz. Noy 24th, 2024

Qalib Azərbaycanın dilbər guşəsi

ByVuqar Ferzeliyev

Avq 26, 2024


        26 avqust – Laçın şəhəri günü tarixi ədalətin təntənəsi, Vətən müharibəsində əldə etdiyimiz Qələbənin təcəssümüdür. Məlum olduğu kimi, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub.

        Laçın Şəhər bayramı bir daha göstərir ki, erməni tör-töküntüləri nə qədər fitnə-fəsad törətsələr də, bizim qalib ruhumuzun  qarşısında acizdirlər. Çünki, Prezident, Ali Baş Komandan İlham Əliyevin diplomatik gücü hər kəsə məlumdur. Biz daim görmüşük ki, dövlət başçısı dediyindən dönməyən bir şəxsiyyətdir. Son vaxtlar beynəlxalq təşkilatlar faktiki olaraq bizim mövqeyimizlə tamamilə razılaşıblar.

       Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonu işğal edildikdən sonra rayon ərazisi vəhşiliklə və amansızlıqla dağıdılmışdır. Erməni işğalı nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilmiş və 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmışdır.

        Belə bir məkanın erməni qəsbkarlarının əlinə keçməsi tariximizin qara səhifələrindəndir. Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adları dəyişdirmiş, rayonun təbii resurslarını talan etmişdir. Suriyadan olan erməni əsilli qaçqınlar məqsədyönlü şəkildə Laçın rayonu ərazisində məskunlaşdırılmışdır. Bu cinayətkar əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilmiş və bu cinayətlər dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir.

       İkinci Qarabağ müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik Vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi. “Laçın” sərhəd-buraxılış məntəqəsinin açılması 30 il əvvəl azərbaycanlılara qarşı XX əsrin faciəsini törətmiş şəxsin saxlanılmasına səbəb oldu. Erməni işğalından azad olunmuş ərazilərdə dövlət başçımızın birbaşa təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Laçının gələcəyi irəlidədir və işıqlıdır. Qarabağın bərpasından ötrü bütün işlər görülür. Biz möhkəm inanırıq ki, Prezidentimizin rəhbərliyi ilə Qarabağımızın qala qapısı sayılan Laçın qısa müddətdə öz əvvəlki şöhrətini bərpa edəcək, onun hər qarışında həyat yenidən canlanacaq, laçınlılar tezliklə öz doğma yurd-yuvalarında şad-firavan yaşayacaqlar. Biz Qarabağı cənnətə çevirəcəyik, doğma torpaqlarda qürurla yaşayacağıq. 

Aqil Nəzərov,

Şəhid qardaşı, Vətən müharibəsi iştirakçısı, Komanlı

kənd tam orta məktəbinin müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir