Silahlı Qüvvələr Günündə Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusunun şəxsi heyətinin bir qrup nümayəndəsi ilə görüşü böyük rəmzi məna daşıyır. Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə müqəddəs haqq işini layiqincə yerinə yetirdi, Vətən torpaqlarını işğaldan azad etdi, tarixi ədalət və beynəlxalq hüququ bərpa etdi, regionda tamamilə yeni mənzərə, yeni reallıq yaratdı. Prezident İlham Əliyev görüş zamanı yaranmış yeni reallıqlarla, bölgənin gələcəyi və Ermənistanda revanşist qüvvələrlə bağlı aydın mesajlar verdi. Ali Baş Komandan hərbçilər qarşısında onsuz da 44 gün ərzində məhv edilmiş Ermənistan ordusuna xəbərdarlıq etdi – hər hansı kiçik bir səhv Ermənistan ordusunun tamamilə məhvinə gətirib çıxaracaq. Prezidentin Azərbaycan Ordusunun bundan sonra da gücləndirilməsi ilə bağlı verdiyi tapşırıqlar düşmənə daha bir açıq xəbərdarlıqdır.
Dekabrın 10-da keçirilən Azərbaycan Ordusunun Zəfər paradında Prezident, Ali Baş Komandan bununla bağlı deyib: “Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, onun başını əzdi.
Ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qazanılmış Zəfərlə müstəqil Azərbaycan dövləti özünün itirilmiş qədim torpaqlarını işğalçılardan təmizləmiş, ərazi bütövlüyünü təmin etmiş, qəhrəman Ordumuz hərbi bacarıqlarını və imkanlarını dünyaya göstərmişdir, ölkədə möhtəşəm milli birliyə nail olunmuş və Azərbaycan BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinin icrasını təkbaşına təmin etmişdir. Azərbaycan dünyanı yalançı erməni uydurmalarından və erməni faşizmindən xilas etmişdir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevbundan sonrakı dövrdə Ordumuzun daha da güclənməsi baxımından işlərin davam etdiriləcəyini dəfələrlə bildirib. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə cari ildə Milli Müdafiə Universiteti yaradılıb. Milli Müdafiə Universitetinin başlıca vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır. Silahlı Qüvvələrin Hərbi Akademiyası təhsil müəssisəsi kimi ləğv olunub, onun maddi-texniki bazası əsasında iki müstəqil institut yaradılıb: Hərbi Elmi Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi fəaliyyətini Heydər Əliyev adına Hərbi İnstitut kimi davam etdirəcək. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey də Milli Müdafiə Universitetinin tabeliyinə verilib.
Düşünürəm ki, Prezident İlham Əliyevin regionun ən güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələrinin bundan sonrakı dövrdə də gücləndirilməsi ilə bağlı verdiyi tapşırıqlar bir daha düşmənimizə açıq xəbərdarlıqdır. Yəqin ki, onlar bundan düzgün nəticə çıxaracaqlar.
Aqil Nəzərov, Vətən müharibəsi iştirakçısı