• Şb. İyn 21st, 2025

Qalib xalqın qalib Silahlı Qüvvələri

ByVuqar Ferzeliyev

İyn 20, 2025

         Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə müqəddəs haqq işini layiqincə yerinə yetirdi, Vətən torpaqlarını işğaldan azad etdi, tarixi ədalət və beynəlxalq hüququ bərpa etdi, regionda tamamilə yeni mənzərə, yeni reallıq yaratdı. Prezident İlham Əliyev görüş zamanı yaranmış yeni reallıqlarla, bölgənin gələcəyi və Ermənistanda revanşist qüvvələrlə bağlı aydın mesajlar verdi. Ali Baş Komandan hərbçilər qarşısında onsuz da 44 gün ərzində məhv edilmiş Ermənistan ordusuna xəbərdarlıq etdi – hər hansı kiçik bir səhv Ermənistan ordusunun tamamilə məhvinə gətirib çıxaracaq. Prezidentin Azərbaycan Ordusunun bundan sonra da gücləndirilməsi ilə bağlı verdiyi tapşırıqlar düşmənə daha bir açıq xəbərdarlıqdır.

        Prezident, Ali Baş Komandan deyib: “Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, onun başını əzdi.

       Ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qazanılmış Zəfərlə müstəqil Azərbaycan dövləti özünün itirilmiş qədim torpaqlarını işğalçılardan təmizləmiş, ərazi bütövlüyünü təmin etmiş, qəhrəman Ordumuz hərbi bacarıqlarını və imkanlarını dünyaya göstərmişdir, ölkədə möhtəşəm milli birliyə nail olunmuş və Azərbaycan BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinin icrasını təkbaşına təmin etmişdir. Azərbaycan dünyanı yalançı erməni uydurmalarından və erməni faşizmindən xilas etmişdir. 

       Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bundan sonrakı dövrdə Ordumuzun daha da güclənməsi baxımından işlərin davam etdiriləcəyini dəfələrlə bildirib. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə cari ildə Milli Müdafiə Universiteti yaradılıb. 44 günlük Vətən müharibəsi zamanı qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılması zərurətini ortaya qoydu. Məhz bu zərurət Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələrinin yaradılmasını aktuallaşdırdı. Buna görə də Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı.

       Düşünürəm ki, Prezident İlham Əliyevin regionun ən güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələrinin bundan sonrakı dövrdə də gücləndirilməsi ilə bağlı verdiyi tapşırıqlar bir daha düşmənimizə açıq xəbərdarlıqdır. Yəqin ki, onlar bundan düzgün nəticə çıxaracaqlar.

Emil Şəmmədov,

Vətən müharibəsi iştirakçıları və

şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir