• C. Noy 22nd, 2024

Qarabağ çağırır

ByVuqar Ferzeliyev

May 21, 2024

           Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Onlara bildirilib ki, Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Müasir standartlara və memarlıq xüsusiyyətlərinə uyğun inşa ediləcək Füzuli işğaldan azad edilmiş ərazilərdə ən böyük şəhərlərdən biri olacaq. Füzuli şəhərinin dayanıqlı inkişafına, sakinlərin və sahibkarların rifahına töhfə verəcək rəqəmsal həllərdən istifadə etməklə, ənənəvi şəbəkə və xidmətlərin daha səmərəli olmasının təmin edilməsi məqsədilə hazırlanmış “Ağıllı şəhər” konsepsiyası irəli sürülüb. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaq. Burada şəhərsalmanın bütün müasir tələblərinə cavab verəcək üç yaşayış kompleksi inşa olunur. Komplekslərdə ümumilikdə 2462 mənzil olacaq. Baş plana əsasən, təxminən 22,5 hektar ərazidə Mərkəzi park yaradılacaq. Parkda istirahət zonaları, botanika bağı, sıx meşə zonası, piknik və idman meydançaları, “Poeziya” meydanı, amfiteatr, kafe-restoranlar və s. fəaliyyət göstərəcək. Tikiləcək Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq. Kompleksdə İşğal və Zəfər muzeyləri yaradılacaq. Füzulidə müayinə və müalicənin yüksək səviyyədə aparılması üçün ən müasir tibbi avadanlıqla təchiz ediləcək 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanası inşa olunacaq.

       2021-ci ilin oktyabrında təməli qoyulan və inşası sürətlə davam edən Ağdam-Füzuli avtomobil yolu Qarabağ iqtisadi rayonu ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılır. Bərdə-Ağdam avtomobil magistralının davamı olan bu yolun uzunluğu 64,8 kilometrdir.

        Dövlət başçıları Şuşada Bülbülün ev-muzeyində, Cıdır düzündə olublar, Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə, Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə, Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxıblar.

        Belarus Prezidentinin işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərinə səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir. Azad olunmuş ərazilərin bərpasında Belarusun da iştirak etmək istəyi məmnunluq doğurur. Eyni zamanda, səfər çərçivəsində tərəflər arasında bir sıra sazişlərin imzalanması qarşılıqlı münasibətləri daha da gücləndirəcək.

Xudayar Sultanlı,

ADPU Cəlilabad filialının direktoru, YAP fəalı     

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir