• Şb. Dek 6th, 2025

Qarabağın azad edilməsi zamanı şəhərlərin üzərində dalğalanan bayraq milyonların qəlbində silinməz iz yaratdı.

ByVuqar Ferzeliyev

Noy 12, 2025

Bayraq bizim müstəqilliyimizi dərk etməyimiz, onun qədrini – qiymətini bilməyimiz baxımından tapındığımız, kölgəsinə sığındığımız müqəddəs bir varlıqdır.

Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır.  Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. Təəssüf ki, müstəqil dövlətimiz yalnız 2 il yaşayıb və  1920-ci il aprelin 28-də bolşevik işğalı ilə sona çatıb.70 il keçəndən sonra Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu, yenidən üçrəngli bayrağımız dalğalanmağa başladı. Biz yenidən bayrağımızla fəxr etmək, onunla qürur duymaq imkanı əldə etdik. 17 noyabr 1990–cı il tarixində Ümummilli lider Heydər Əliyevin təklifi ilə üçrəngli bayrağımız  Naxçıvan Ali Məclisinin qərarı ilə  Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olundu. Daha sonra üçrəngli bayraq bütövlükdə Azərbaycanın dövlət bayrağı kimi qəbul olundu.

 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirildi.

Bayraq hər zaman dövlətçiliyin simvolu olub. Qarabağın azad edilməsi zamanı şəhərlərin üzərində dalğalanan bayraq milyonların qəlbində silinməz iz yaratdı. Şuşada, Laçında, Füzulidə, Cəbrayılda və digər torpaqlarda bayrağın qaldırılması Vətən müharibəsinin ən qürurlu anı oldu. Bu anlar Azərbaycan tarixinin qızıl səhifələrinə yazıldı. Şəhid ailələri və qazilər üçün bayraq yalnız rəmz deyil, övladlarının, qardaşlarının və silahdaşlarının əmanətidir. Bu əmanət heç vaxt unudulmur, heç vaxt köhnəlmir.

Bayraq təkcə hərb meydanında yox, diplomatiya masasında da gücdür. Azərbaycanda ucaldılan hər yeni səfirlik binasında bayrağın dalğalanması dövlətimizin dünya ilə əlaqələrinin genişləndiyini göstərir. İdman yarışlarında qaldırılan bayraq isə xalqın sevincini göz yaşına çevirir. Müasir Azərbaycan idmançıları qələbə çaldıqca bayrağımız dünya stadionlarında daha çox yüksəlir. Xüsusən Avropa çempionatlarında, Olimpiya medalçılarının çiyinlərində bayrağın dalğalanması hər bir azərbaycanlını fəxr etdirir.

Aqşin Əliyev

YAP Saatlı rayon təşkilatı aparatının məsləhətçisi