• Be. Okt 27th, 2025

Qarabağın dirçəlişində Qazaxıstanın dəstəyi.

ByVuqar Ferzeliyev

Okt 27, 2025

Azərbaycan və Qazaxıstan xalqlarını əsrlər boyu formalaşmış mənəvi, mədəni və tarixi bağlar birləşdirir. Bu ortaq dəyərlər qarşılıqlı etimadın, əməkdaşlığın və regional əməkdaşlıq platformalarının inkişafında mühüm rol oynayır. Xüsusilə işğal dövründə dost dövlətin Azərbaycanın haqq işinə verdiyi dəstək, beynəlxalq platformalarda həmrəylik nümayiş etdirməsi iki qardaş ölkə arasında əlaqələrin strateji mahiyyətini ortaya qoyur və gələcək əməkdaşlıq üçün etibarlı zəmin yaradır. Qazaxıstan hökumətinin təşəbbüsü ilə Füzuli şəhərində “Qazaxıstan adına Uşaq Yaradıcılıq Mərkəzi”nin tikilməsi bu dostluğun, həm də türk birliyinin bariz nümunəsidir. Bu layihə uşaqların yaradıcılıq potensialının inkişafına, azad Qarabağda mədəni həyatın dirçəlməsinə böyük töhfə verəcək. Qazaxıstanın bu addımı sadəcə maddi yardım deyil, mənəvi dayaq və səmimi qardaşlıq jestidir. Prezident Qasım-Jomart Tokayevin söylədiyi kimi, “Azərbaycanın Qarabağda gördüyü işlər bütün türk dünyasının qürur mənbəyidir.” Bu kimi sözlər türk dövlətləri arasında həmrəyliyin və qarşılıqlı dəstəyin rəmzidir. Türk Dövlətləri Təşkilatı çərçivəsində aparılan əməkdaşlıq da bu birliyi daha da gücləndirir. Qazaxıstanın təşəbbüsləri göstərir ki, bu dövlət Qarabağın bərpasını yalnız Azərbaycan məsələsi deyil, ümumtürk həmrəyliyinin təntənəsi kimi görür. Bu dəstək həm siyasi, həm də mənəvi baxımdan mühüm əhəmiyyət daşıyır. Siyasi baxımdan, bu, regionda sabitliyin və sülhün möhkəmlənməsinə xidmət edir. Mənəvi cəhətdən isə türkdilli xalqlar arasında qardaşlıq bağlarını daha da gücləndirir. Qarabağda həyatın yenidən bərqərar olması təkcə Azərbaycanın deyil, bütün türk dünyasının sevinci və iftixar mənbəyidir. Bu gün Qarabağ torpaqlarında yenidən həyat qaynayır, şəhərlər və kəndlər bərpa olunur, yollar, məktəblər, mədəniyyət ocaqları tikilir. Qazaxıstanın bu prosesdə iştirakı göstərir ki, türk dövlətləri bir-birinə yalnız sözlə deyil, əməl ilə də dəstək verirlər. Bu həmrəylik gələcək nəsillərə örnək olacaq, türklüyün birliyini daha da möhkəmləndirəcək.

Sürəyya Zeynalova

Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru