• Şb. Dek 6th, 2025

Qarabağın gözəli

ByVuqar Ferzeliyev

Noy 13, 2025
   Şuşa Azərbaycan xalqı üçün milli simvoldur. Bu səbəbdəndir ki, Ali Baş Komandan İlham Əliyevin Şuşanın azad olunması barədə xəbəri xalqa çatdırmasından sonra insanlar əllərində bayraqlar küçə və prospektlərdə bayram əhval-ruhiyyəsində bu tarixi günü qeyd edirdi. 
  28 il idi ki, Şuşa düşmən əsarətində idi. 28 il idi ki, mədəniyyətimiz də, tariximiz də əsarətdə idi. Şuşanın işğaldan azad olunduğu gün Azərbaycan xalqının əbədi olaraq hər il misilsiz bayram əhval-ruhiyyəsi ilə qeyd edəcəyi şanlı tarixə çevrildi. Artıq 8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinə əbədi yazılıb. Təsadüfi deyil ki, Şuşanın işğaldan azad olunduğu tarix Prezident İlham Əliyevin Sərəncamı ilə həm Zəfər Günü, həm də Şuşa Şəhər Günü elan edildi.
   1752-ci ildə Pənahəli xan tərəfindən əsası qoyulan Şuşa, Qarabağ xanlığının mərkəzi kimi böyük strateji və mədəni rol oynamışdır. Şəhər həmçinin Qafqazda mühüm ticarət və mədəniyyət mərkəzi kimi tanınmış, mədəniyyət və incəsənət sahələrində çoxsaylı tanınmış simaların yetişdiyi bir məkan olmuşdur.
   Azərbaycanın qeyrət qalası, Qarabağın döyünən ürəyi, Qafqazın incisi Şuşa gözəllik simvolu, qürur rəmzi olmaqla yanaşı, həm də bir milli kimlik məsələsidir. “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa təkcə qarabağlılar üçün yox, bütün azərbaycanlılar üçün qürur yeri, müqəddəs şəhər, hər mənada ucalıq rəmzi olub. Azərbaycanın hər qarışı bizim üçün əzizdir, amma Şuşanın qəlbimizdə yeri tamamilə başqadır. Şuşa Qarabağın əzəmətli zirvəsi, Azərbaycanın şah damarıdır.
  Prezident İlham Əliyevin işğaldan azad olunmuş bölgələrə səfərləri yenidənqurma və bərpa işlərinə birbaşa özünün nəzarət etdiyinin göstəricisidir. Bölgəyə səfəri zamanı cənab Prezident bir daha qeyd etmişdir ki, torpaqların bərpası prosesi artıq başlamışdır. “Qarabağ bölgəsində cənnət yaradacağıq” söyləyən Azərbaycan Prezidenti İlham Əliyev işğaldan təmizlənən bütün şəhərlərin, kəndlərin bərpasının müasir tələbləri nəzərə alınmaqla həyata keçirilməsi ilə bağlı öz göstərişlərini vermişdir. 

Ötən müddət ərzində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi yaradılıb. Şuşanın azad edilməsi və inkişafı Azərbaycan xalqının əzmini, milli iradəsini və mədəniyyətini təmsil edən möhtəşəm bir nailiyyətdir.

Emil Şəmmədov,
Vətən müharibəsi iştirakçıları və
şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi