Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlər tükənməz potensiala malikdir. İki
qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Regionda yeni reallıqların yaranması səbəbindən qardaş Türkiyə ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sahələri üzrə əməkdaşlığın yeni formaları meydana çıxır. Qarabağın işğaldan azad olunması
ilə nəticələnən 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olmaqla, iki dövlət olsaq da, bir millət olduğumuzu bir daha bütün dünyaya göstərdik. Son illər ərzində infrastruktur layihələrinin və regional inkişaf proqramlarının uğurla həyata keçirilməsinin nəticəsi olaraq Azərbaycanın iqtisadi inkişafı üçün güclü baza formalaşıb. Biz hər zaman qardaş Türkiyəni yanımızda görürük. Türkiyənin dünya miqyasında tanınmış siyası lideri Rəcəb Tayib Ərdoğan dəfələrlə
ən yüksək beynəlxalq tribunalardan “Azərbaycan tək deyildir” bəyanatını səsləndirmişdir.
Regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı Türkiyə ilə fikir ayrılığı yoxdur, hədəflərimiz eynidir. Hazırda Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi və qardaş Türkiyənin dəstəyi ilə Azərbaycanda Türk Ordusunun kiçik modeli yaranmaqdadır. İşğaldan azad edilmiş torpaqlarımızda minatəmizləmə işini xeyli asanlaşdıran müasir texnikalar Türkiyədən alınaraq ölkəmizə gətirilmişdir.
Artıq bu sahədə əməli-praktiki işlərə başlanılmışdır. Müharibədən sonrakı dövr regionda əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün imkanlar yaradır. Digər tərəfdən aldığımız müasir silahlar, Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq, birgə hərbi təlimlərin keçirilməsi hərbi gücümüzün artmasına dəlalət edir. İnanırıq ki, qalib Azərbaycanın yaratdığı əməkdaşlıq imkanlarından bütün region faydalanacaq. Tərəfdaş ölkələrin
bu imkanlardan istifadə etməsi isə ölkəmizin
çoxşaxəli münasibətlərinin inkişafına töhfə olacaq. Azərbaycanla Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq, birgə hərbi təlimlərin keçirilməsi artmaqda olan hərbi gücümüzün göstəricisidir.
Təəssüflər olsun ki, Ermənistanda anti-Türkiyə təbliğatı həddindən artıq güclü olmuşdur və bu
gün də bu, davam etməkdədir. Ermənilər Türkiyə və Azərbaycanı hər zaman özlərinə düşmən biliblər. Ermənistanın Türkiyəyə qarşı iddiaları hələ də qüvvədədir. Müharibədən əvvəl Ermənistan prezidenti Sevr müqaviləsinə yenidən baxılmalıdır deyirdi.
Yəni, Türkiyəyə ərazi iddiası edirdi. Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası var. Onlar bu fikirdən əl çəkməlidirlər ki, regiondakı inkişafın tərkib hissəsi ola bilsinlər və Türkiyə Ermənistanla
olan sərhədləri açmaqla əlaqələri normallaşdıra bilsin. Əlbəttə ki, bunun nə vaxt baş tutacağına Türkiyə
qərar verəcək. Ermənistan ilə sərhədlərin açılması Türkiyənin xeyrinə olacaqsa, bu, Azərbaycanın da
xeyrinədir. Ermənilər ağıllarını başlarına yığmalıdırlar. Türkiyə kimi lider ölkəyə ərazi iddiaları irəli sürmək isə özünəqəsddir.
Bir sözlə, Türkiyənin güclü iqtisadiyyatı, mədəniyyəti, hərbi qüdrəti və digər sahələrdəki zəngin təcrübəsi bizim üçün çox önəmlidir. Azərbaycanı və Türkiyəni birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər bu ölkələrin qarşılıqlı səmərəli əməkdaşlığını şərtləndirən əsas amillərdir. Bu dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bir vətəndaş kimi İki qardaş xalqın uğurlarına qəlbən sevinir, dostluğumuzla və dərin qarşılıqlı əlaqələrimizlə qürur hissi yaşayırıq. Türkiyə və Azərbaycan vətəndaşlarının bir-birinə daha sıx bağlı olması
önəmli cəhətlərdir. Gələcək nəsillər öz addımlarını
bu müttəfiqliyə, bu qardaşlığa uyğun atmalıdırlar və indidən bir-birinə sıx bağlı olmalıdırlar. Hər birimiz dostluq və qardaşlıq tellərini möhkəmləndirməkdən ötrü səylərimizi əsirgəməməliyik.
Bilal ALARLI (Hüseynov),
ADPU Cəlilabad Filialının müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü