Baş nazir Məhəmməd Şahbaz Şərifin Bakıya səfəri Azərbaycan-Pakistan ikitərəfli münasibətlərinin müxtəlif sahələrdəki inkişafını böyük sıçrayışla sürətləndirməyə hazır olan müstəsna mərhələdir. Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir. Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Əməkdaşlıq əlaqələrimizdə qarşılıqlı anlaşma hökm sürür, istər ikitərəfli, istər çoxtərəfli məsələlərdə mövqelərimiz üst-üstə düşür.
Pakistanın xarici siyasəti onun strateji regional maraqlarının yüksək səviyyəli təminatı üzərində cəmlənir. Bu siyasətdə Azərbaycanla yanaşı, Türkiyəni, Çini, Səudiyyə Ərəbistanını, Qətəri, Birləşmiş Ərəb Əmirliklərini, ABŞ-ni yaxın tərəfdaş kimi görür, İranla münasibətlərə isə nisbətdə çox aşağı prioritet verir. Pakistanın xarici siyasət prioritetləri sırf realist məqsədlərə əsaslanan ardıcıl mühafizəkar tərtibata malikdir, bunun bariz nümunələrindən birini İslamabadın Ermənistana münasibətində görmək mümkündür. Bu nöqtədə onun Cənubi Qafqazdakı iştirakı texniki amillərə deyil, geniş siyasi spektrə söykənir. Sırf işğal faktına görə Ermənistanla əlaqələr qurmayan Pakistan radikal mövqeyini İrəvana tuşlanan müqavimət oxunun içərisində tutaraq Azərbaycana dəstəyini əsirgəməyib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib. Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş vermişdir.
Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının perspektivləri var. Sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməlidir və artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır.
Prezident İlham Əliyev mətbuata Bəyanatında haqlı olaraq vurğulayıb ki, Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olubdur. Bakının müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük. Bu, strateji tərəfdaşlığın strateji müttəfiqlik səviyyəsi ilə əvəzlənməsi və bunun rəsmiləşdirilməsinə hazırlıqdır.
Qənimət İsrafilova,
Cəlilabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri