Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədi olduğunu bir daha dünyaya bəyan etdi. Dövlət başçıları bu tarixi sənədi münasibətlərin yeni mərhələsi üçün yol xəritəsi kimi qiymətləndirdilər.
Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri zəminində qurulan əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. İkitərəfli əlaqələrdən bəhs edərkən ölkələrimiz arasındakı siyasi dialoqun dinamik səciyyə daşıdığını xüsusi vurğulamaq lazımdır. İki ölkə liderləri bir-birlərinə “qardaşım” deyə xitab edirlər. Artıq yaxşı ənənə formalaşıb. Qarşılıqlı hörmətin və etimadın ifadəsi olaraq Azərbaycan Prezidenti dövlət başçısı seçildikdən sonra ilk səfərini, bir qayda olaraq, Türkiyəyə edir, eləcə də Türkiyə Prezidenti dövlət başçısı statusunda ilk səfərini respublikamıza reallaşdırır. Bu ənənə digər səviyyələrdə də davam etdirilir. Eyni zamanda, iki qardaş ölkənin rəhbərləri ikitərəfli və digər platformalarda davamlı olaraq görüşür və səmərəli təmaslar qururlar.
Sənədin ortaya qoyduğu mühüm məsələlərdən biri də xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirməkdir. Beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək istiqamətində media platforması və diaspor sferasında birgə, qarşılıqlı əlaqələrin genişləndirilməsinə zərurət yaranıb. Məhz bu istiqamətdə gələcəkdə genişmiqyaslı işlər aparılması üçün vacib olan aşağıdakı məsələlər bəyannamədə öz əksini tapıb: hər iki ölkənin diasporları arasında ikitərəfli əməkdaşlığın bütün parametrlər üzrə inkişaf etdirilməsi, birgə media platforması (https://e-qanun.az/framework/46888) əsasında ölkələrin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya, həmçinin diplomatiya istiqamətində ikitərəfli əlaqələrin genişləndirilməsi, strateji məsələlər üzrə birgə qərarların qəbul edilməsi və icra edilməsi, qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə həmrəyliyin təmin edilməsi.
Bəyannamənin imzalanmasından sonra Şuşada 15 iyun tarixində ənənəvi olaraq keçirilən konfranslar. Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 2022-ci ilin iyunun 15-də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda, 2023-cü ilin iyunun 15-də “Heydər Əliyev İli” çərçivəsində Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünə həsr olunmuş “Qurtuluşdan Zəfərə” mövzusunda, həmçinin 2024-cü ilin iyunun 15-də “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfranslar keçirilmişdir.
Vahid Mirzəyev,
Cəlilabad bələdiyyəsinin sədri