Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə tarixi hadisədir. Bu Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə (siyasi, iqtisadi, ideoloji, humanitar) davamlı inkişafını təmin edir, eyni zamanda, müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. Eləcə də Türkiyə Respublikasının Şuşada baş konsulluq açmaq qərarı Azərbaycanın Qarabağ bölgəsi üçün yeni imkanlar açır. Bu imkanlar həm Şuşaya qayıdacaq şuşalılar, həm ətraf rayonların sakinləri, həm də Qarabağda yaşayan ermənilər üçün firavan gələcək vəd edir.
Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın mədəniyyət paytaxtı Şuşada rəsmi qarşılanması, Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması, “sevinci və kədəri bir” olan, “bir millət, iki dövlət”in prezidentlərinin mətbuata birgə bəyanatları, dövlət liderlərinin bölgəmizə və dünyaya verdikləri mesajlar bütün xalqımızın böyük ruh yüksəkliyinə səbəb olub. Qardaş ölkənin ali rəhbərinin Şuşadan fəxarət hissi ilə “Qırx dörd günlük müharibə nəticəsində Qarabağ, çox şükür, sahiblərinə qayıtdı və erməni zülmündən, erməni işğalından azad edildi” deməsi, 15 İyun – Milli Qurtuluş Günü münasibətilə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anması xalqımızda nə qədər xoş duyğular oyatdısa, bir o qədər də düşmənlərimizi xar elədi.
Artıq dəfələrlə sübut olunmuş bir həqiqətdir ki, Azərbaycan-Türkiyə münasibətləri dostluğun, qardaşlığın zirvə nöqtəsidir. Biz, Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunmasını sonsuz sevinc hissi ilə qarşıladıq, fərəh hissi keçiririk ki, Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı olması rəsmiləşmişdir. Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi, Qafqazın konservatoriyası olmuşdur. Sərəncam Şuşa şəhərinin bu statusunun bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət edir.
Dostluğumuz, qardaşlığımız cənab Rəcəb Tayyib Ərdoğanın və Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin sayəsində daha da möhkəmlənir, sarsılmaz və əbədi olur. Artıq Azərbaycan yalnız deyil, Türkiyə kimi qüdrətli bir dövlət, türk xalqı kimi mübariz bir xalq, Türkiyə Ordusu kimi güclü bir ordu yanımızdadır. Keçən əsrin əvvəllərində olduğu kimi, bu günümüzdə də biz qardaş Türkiyənin hərtərəfli dəstəyini hiss edirik. Qoy bütün dünya bilsin ki, biz dar günün qardaşlarıyıq, ən çətin günlərdə bir yerdə olacağıq!
Mehdi Kərimov, Cəlilabad şəhər bələdiyyə sədri