• Ça. Yan 21st, 2025

 Qarşılıqlı əlaqələrin gücləndirilməsi zamanın tələbidir

ByVuqar Ferzeliyev

Yan 21, 2025

          Prezident İlham Əliyevin cari ilin 17 yanvar tarixində Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatdan göründüyü kimi, ölkələrimiz arasında mövqelərimiz getdikcə möhkəmlənir. Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək. Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüququn normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz.

       Başqa sözlə, iki dövlət arasındakı əlaqələr daim yüksələn xətt üzrə inkişaf edir, artıq Azərbaycan və Gürcüstan strateji tərəfdaşlıq mərhələsini geridə qoyaraq müttəfiqlik səviyyəsinə qalxıblar və bu münasibətlər faktiki olaraq, tərəflərin ortaq strateji maraqlarına söykənir. Ölkələrimiz arasında ildən-ilə möhkəmlənən əlaqələrin daha da inkişaf etməsi üçün böyük layihələr həyata keçirilir.

        Görüş zamanı aparılmış müzakirələr bir daha göstərdi ki, bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrin mərkəzindədir. Prezidentimiz növbəti dəfə bəyan edib ki,  bizim prinsiplərimiz aydındır. Əgər bu prinsiplər qəbul olunsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır.

         Azərbaycan və Gürcüstan arasında enerji əməkdaşlığı təkcə ikitərəfli deyil, həm də qlobal miqyasda xüsusi əhəmiyyət daşıyır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Avropa qitəsində Azərbaycan qazına tələbat ildən-ilə artacaq. Bizim həm resurslarımız var, sərmayə qoymaq üçün maliyyə imkanlarımız var, Gürcüstan kimi etibarlı dostlarımız var ki, tranzit imkanları genişdir. Belə olan halda bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir.

Prezident bildirdi ki, biz bütün qonşularla çox səmərəli, dostluq və mehriban qonşuluq əsasında münasibətlər qurmaq istəyirik və buna hazırıq. Azərbaycan kifayət qədər mürəkkəb və strateji əhəmiyyətli regionda yerləşdiyinə görə xarici siyasət kursunu müəyyənləşdirərkən, bir tərəfdən, öz milli maraqlarını qorumaq, bölgənin aparıcı dövləti statusunu möhkəmlətmək, digər tərəfdən, bölgədə maraqları olan bütün dövlətlərlə, eləcə də qonşu dövlətlərlə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini saxlamaq və genişləndirmək kriteriyalarından çıxış edir.

Özüxan Niftiyev,

Cəlilabad şəhər bələdiyyəsinin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir