Azərbaycan xalqı böyük qürur və fərəh hissi ilə Laçın rayonunun erməni işğalından azad olunmasının ikinci ildönümünü qeyd edir. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub. Bu cür əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir.
Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.
28 il yarım həmin faciələri dərin kədərlə yaşadıq. Amma o kədərin içində həm də bir gün işğaldakı bütün torpaqlarımızın azadlığına qovuşacağı inamı var idi. Bu inamı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, onun rəhbərliyi ilə güclü Ordumuz yaratmışdır. Prezident İlham Əliyevin yenidən Laçın rayonuna səfərləri nəticəsində yeni quruculuq işləri həyata keçirilir. Laçınlıların birinci qrupu öz doğma şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər. “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq Laçın rayonuvə bütün başqa rayonlar bərpa olunacaqdır. Laçın rayonunun erməni işğalından azad olunması isə tarixi ədalətin bərpası olmaqla yanaşı Prezident cənab İlham Əliyevin rəhbərliyi altında xalqımızın və ordumuzun böyük əhəmiyyət kəsb edən qələbəsidir.
Yusif İsmayılov,
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası
Publik Hüquqi Şəxsin direktor müavini