1993-cü il oktyabrın 29-da Zəngilan qəsbkar erməni terrorçuları tərəfindən işğal edildi. 1988-ci ildən 1993-cü ilin noyabrına qədər düşmənə baş əyməyən, mənfur düşmənin hücumlarına sinə gərərək yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayonumuz olmuşdu.
Zəngilan rayonuna qonşu olan Qubadlı və Cəbrayılın işğalı nəticəsində mühasirəyə düşən rayon əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə görmüşdü. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi anı qaçılmaz idi.
Zəngilan inzibati rayon olaraq 1930-cu ildə təşkil edilmişdir. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistan ilə həmsərhəd olan Zəngilan rayonu Birinci Qarabağ müharibəsində 188 şəhid vermişdir.
Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən bu rayonumuz çox mühüm strateji əhəmiyyətə malik bir yerdir. Ərazisi 707 kvadrat km, əhalisi isə 35 mindən çox olmuşdur. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib. İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi.
Bütün Avropada ən böyük çinar meşəsi də məhz elə bu rayonda idi. Həmin cinarları quldur ermənlər doğrayaraq xarici ölkələrə satırdılar. Digər qiymətli ağaclar, molibden, mərmər, qızıl, qranit və digər yeraltı sərvətlərimiz də ermənilər tərəfindən talan edilirdi. Rayon ərazisində 1974-cü ildə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğu murdar ermənilər tərəfindən bərbad vəziyyətə salınmışdı. Qoruq ərazisindəki qiymətli ağacları kəsib-doğrayan quldurlar onlardan mebel sənayesində istifadə edirdilər.
Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri ilə çox zəngindir. Onlardan ən böyüyü isə «Şəhri Şərifan» adı ilə tanınan bir orta əsr şəhərinin xarabalıqlarıdır.
İkinci Qarabağ Müharibəsi zamanı Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Oktyabrın 20-də isə Azərbaycan Prezidenti Cənab İlham Əliyev xalqa müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin Şanlı Ordumuz tərəfindən işğaldan azad edildiyini bildirdi.
Rauf Salmanov
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı