• Ç. Noy 27th, 2024

Regional təhlükəsizliyin təminatı əsas şərtdir

ByVuqar Ferzeliyev

Apr 23, 2024

    Azərbaycan-Rusiya münasibətləri dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq sürətlə inkişaf etdirilir. Prezident İlham Əliyevin cari ilin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək, həmçinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü zamanı çıxışını diqqətlə dinlədik. Belə hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfərini əhəmiyyətli saymaq olar..

         Azərbaycan Prezidenti qeyd etdi ki, regional təhlükəsizlik məsələləri həmişə aktualdır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir.  Keçmişdə Rusiya ilə münasibətlərdə müəyyən gərginliklər, suallar olub: Amma ikinci Qarabağ müharibəsindəki qələbəmizdən, separatizmə son qoyduqdan və rus hərbi kontingenti Qarabağı tərk etdikdən sonra münasibətlərdə elə bir problemli mövzu qalmayıb. Tərəfdaşlıq var, ticarət mübadiləsi artır, Şimal-cənub nəqliyyat dəhlizinin işə düşməsində əsas açar dövlətlərdən biri də Azərbaycandır. Azərbaycan da bu nəqliyyat dəhlizinin işə düşməsində maraqlıdır. Sadəcə bunun üçün Rusiya və İran Rəşt-Astara dəmir yolunun tikintisini sürətləndirməlidirlər.

        Digər tərəfdən Moskvadakı görüşdə Baykal-Amur magistralının tikintisinin 50 illiyi ilə bağlı toplantının keçirilməsi və bu tikintidə keçmişdə mərhum dövlət başçısı Heydər Əliyevin iştirakının xüsusi vurğulanması da əlamətdar hadisə idi. Bunun özü də iki dövlət arasında münasibətlərin hazırda inkişaf dövrünü yaşadığını göstərir. Biz Rusiya ilə münasibətlərdə problemlər istəmirik. İqtisadi-ticarət əlaqələrinin inkişafı da diqqətimizdədir. Bu baxımdan hesab edirəm ki, yaxın gələcəkdə, siyasi münasibətlərdə də hər hansı sualların yaranmayacağını ehtimal etmək olar.

      İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya
Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də
imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında
Müqavilə”dir. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya
dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni
mərhələnin əsasını qoyub. Həmin səfər zamanı imzalanan “Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq
prinsipləri haqqında Birgə Bəyannamə” Xəzərin hüquqi statusunun
müəyyənləşdirilməsi baxımından mühüm sənəd olub. Bu sənəd Rusiya-
Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını
nümayiş etdirib. 

        Bizim strateji müttəfiqlik haqqında birgə Bəyannaməmiz var. Düşünürəm ki, sözügedən Bəyannamədə beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq kimi təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi kimi məsələlərin qeyd olunması 10 noyabr 2020-ci il tarixli Bəyanatda əskini tapan məsələlərin daha əsaslı, hüquqi nöqteyi-nəzərdən yerinə yetirilməsi istiqamətində Azərbaycana əlavə avantaj və rıçaqlar qazandırır.

Ədalət Əsgərov,

Cəlilabad rayon Ağsaqqallar Şurasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir