Prezident İlham Əliyevin cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibədə vurğulayıb ki, COP29 bizə onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər. Bu, həm də Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirir. Praktiki nöqteyi-nəzərdən isə bu, bizim üçün həmrəyliyə töhfə vermək fürsəti olacaq. Çünki bizim dördillik sədrliyimiz nəticəsində 120 üzvlə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatında xüsusi ab-hava yarandı. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan strateji tərəfdaşlığa dair bəyannamə imzalayıb. Biz 50-dən çox ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının üzvüyük. Yəni, biz müxtəlif ölkələri bir araya gətirmək imkanına malikik və bu gün iqlim məsələlərinin həll edilməsi üçün məhz buna ehtiyac var.
Bu gün dünyada baş verən müxtəlif proseslər – yeni müharibə ocaqlarının yaranması, ölkələr arasında enerji daşıyıcılarının nəqli sahəsində problemlərin və mübahisələrin yaşanması göstərir ki, ayrı-ayrı dövlətlər enerji təhlükəsizliyi barədə daha ciddi düşünməli, xüsusən, alternativ nəql sistemlərinin yaradılması istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsi istiqamətində ciddi addımlar atmalıdırlar. Bu baxımdan zəngin neft-qaz ehtiyatlarına malik Azərbaycan həmişə alternativ nəql imkanlarının axtarışında olan Avropanın və digər dünya dövlətlərinin diqqətini cəlb etməkdədir.
Antiterror tədbirlərdən sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. İndi artıq sülh qurmaq vaxtıdır.
İlqar Həsənov,
Göytəpə şəhər bələdiyyəsinin sədri