Rusiya tərəfi Naxçıvanla birbaşa əlaqəni təmin edəcək yolu ilk dəfə olaraq rəsmi Bakı və Ankaranın istədiyi kimi “Zəngəzur dəhlizi” adlandırıb.
Modern.az saytı Rusiya mediasına istinadən xəbər verir ki, bu ifadəni Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova işlədib.
““Zəngəzur dəhlizi”nin yaradılması ilə bağlı mübahisələr də daxil olmaqla Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması üçün bütün məsələlər ən yaxşı şəkildə Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində nəzərdən keçirilir və həll edilir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova İrəvanla Bakı arasında “Zəngəzur dəhlizi” ilə bağlı fikir ayrılıqlarından danışarkən deyib.
“Biz hesab edirik ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması məsələsinin işlənib hazırlanması üçün ən optimal forma bu il yanvarın 11-də (Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə) Moskva sammitindən sonra yaradılmış üçtərəfli işçi qrupudur”,-Zaxarova deyib.
O bildirib ki, bu mexanizmin işə salınması üçün artıq səkkiz görüş baş tutub və bütün tərəflər onun fəaliyyətini yüksək qiymətləndirirlər.
“Biz Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair üçtərəfli sazişlərin həyata keçirilməsinə töhfə verən bəyanatlara və addımlara əməl etməyi düzgün sayırıq”,-Zaxarova vurğulayıb.
Rusiyanın TASS Agentliyi də yayımladığı mətndə ilk dəfə “Zəngəzur dəhlizi” ifadəsinə yer verib.
Agentlik yazıb ki, Azərbaycan Ermənistan ərazisindən keçməklə Naxçıvanı ölkənin əsas hissəsi ilə birləşdirəcək “Zəngəzur dəhlizi”nin yaradılmasını planlaşdırır.
“Orada avtomobil və dəmir yolunun çəkilməsi nəzərdə tutulur. Bu, digər məsələlərlə yanaşı, Türkiyəni Naxçıvan, Azərbaycan və Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ölkələri ilə birləşdirməyə imkan verəcək.
İrəvanda isə bildirirlər ki, ötən ilin payızında Dağlıq Qarabağ ətrafındakı münaqişə zonasında hərbi əməliyyatlara son qoyan 9 noyabr tarixli üçtərəfli bəyanat Azərbaycandan Zəngəzur vasitəsilə Naxçıvana dəhlizin açılmasını nəzərdə tutmur”,-deyə Agentlik yazıb.