• Ca. Noy 28th, 2024

ŞƏRƏFLİ TARİXİMİZƏ EHTİRAM UĞURLARIN TƏMƏLİDİR

ByYenigun.news

İyn 17, 2021

Milli Qurtuluş günü milli bayramlarımız sırasına daxil olan tarixi günlərdən biridir. Qurtuluş gününü qeyd edərkən ilk növbədə gözlərimiz önünə dahi şəxsiyyət, Azərbaycan tarixində qüdrətli dövlət xadimi kimi əbədi ad qazanmış Heydər Əliyev gəlir. Və belə əlamətdar gündə hər bir Azərbaycan vətəndaşının deməyə sözü çoxdur.

   Cəmiyyətdə tutduğu mövqedən, vəzifəsindən, yaşından asılı olmayaraq hər bir azərbaycanlı bu günlərdə ulu öndərimizdən daha çox bəhs edir, onun həyat və fəaliyyətini xatırlayır, şanlı ömür  yolunun salnaməsini bir daha  vərəqləyir. Ümummilli liderimiz sözün əsil mənasında Azərbaycanın ən yeni tarixinin yaradıcısı, müstəqil dövlətimizin memarı, yeni və modern dövlətçilik ənənələrimizin müəllifidir.
   Qurtuluşumuza gedən haqq yolunda xalqımız çətin sınaqlardan keçmişdir. Bu yolların əsas mərhələsinin keçilməsində bayraqdarlıq missiyasını Heydər Əliyev öz üzərinə götürdü. Azərbaycan xalqı və xalqın dəyərli ziyalıları öz xilasını Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü.
 Ulu öndər  bütün həyatını, bilik və təclübəsini, zəkasının qüdrətini, qüvvə və bacarığını xalqın xoş gələcəyinə, onun bəlalardan və məhrumiyyətlərdən xilas olmasına sərf etdi və inkişafımızın düzgün strategiyasını bizlərə əmanət qoydu. Onun dərin zəkanın sayəsində ölkəmiz demokratik, hüquqi inkişaf mövqelərinə çıxdı,  qüdrətli şəxsiyyətin işıqlı ideyaları dövlətimizin müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün əzəmətli bir təməl oldu. Heydər Əliyev diplomatiyası Azərbaycanı tarixən çox qısa müddət ərzində bütün dünyaya tanıtdı, onun beynəlxalq mövqelərinin daha da möhkəmlənməsini təmin etdi.
  O zaman ölkədə çox təzadlı vəziyyət yaranmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. AXC-Müsavat cütlüyü bütün ölkələrlə münasibətləri korlamış, bəzi ölkələrə qarşı iddialar irəli sürməklə Azərbaycanı qonşu ölkələrlə düşmən etmişdi. Adi fizika müəllimi olmuş müdafiə naziri Şuşanın itirilməsində, ordunun iflic vəziyyətinə salınmasında “xüsusi rol” oynamış, ordu siyasi proseslərdə müstəqil tərəf kimi çıxış edərək ölkə parlamentinin sədrinə və Prezidentə meydan oxumağa başlamışdı. Daxili işlər naziri televiziyanın canlı efirində bir müxalifət nümayəndəsini döymüş, buna görə məsuliyyətə cəlb olunmamışdı. Üstəlik, vəzifədən çıxandan sonra dərhal müxalifətə keçmiş, Gəncədə iğtişaşlar başlayan gün – 4 iyun 1993-cü il tarixində Bakıda AXC hakimiyyətinə qarşı mitinqlər təyin etmişdi.
 Milli Qurtuluş gününü təntənə ilə qeyd etdiyimiz bu günlər bir daha deməyə haqqımız çatır və söyləməyə borcluyuq ki, dövlətçilik ənənələrindən bəhrələnmiş yeni siyasət Azərbaycana yeni həyat, müasirlik, qarşısıalınmaz inkişaf bəxş etmişdir. Bu siyasətin müəllifi olan   ulu öndərimiz müasir hüquqi və dünyəvi dövlətin qurulması, bu dövlətdə yaşayan insanların hüquq və azadlıqlarının mühafizəsi sahəsində çox böyük iş görüb, tariximizdə heç  vaxt bu qədər böyük və möhtəşəm dövlətçilik fəaliyyəti həyata kesirilməyib. Bizim hazırkı daxili və xarici siyasət konsepsiyamız ən geniş mənada dövləti xalqa, xalqı dövlətə möhkəm və qırılmaz tellərlə bağlayır.  Buna görə də bizim nəslin insanları, övladlarımız, bütün Azərbaycanın oğul və qızları müstəqillik və istiqlaliyyət ideyalarını göz bəbəyi kimi qorumalı, yaşatmalı və ulu öndərimizin amallarını ləyaqətlə həyata keçirməlidirlər. Unutmayaq ki, bizim bu günümüz kimi, sabahımız da müstəqillik ideyası üzərində köklənib, Azərbaycanın dövlətçilik ənənələrini inkişaf etdirərək  daha da irəli gedəcəkdir.

Camal Bəşirov, Cəlilabad rayonu Sarxanlı kənd sakini, müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir