• Şb. Dek 27th, 2025

Sağlam həyat tərzi xoşbəxt gələcəyin təminatçısıdır

ByVuqar Ferzeliyev

Dek 27, 2025

      Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 26-da idmanmçılarla görüş mərasimində vurğulayb ki, ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Uzun illərdir ki, Azərbaycanda mötəbər idman yarışları keçirilir, idman uğurla və sürətlə inkişaf edir. Bu artıq faktdır ki, ölkəmiz dünyada idman ölkəsi kimi tanınır və idman respublikamızda dövlət siyasətidir. İdmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir.

      İdmana, idmançılara diqqət olan yerdə, qayğı olan yerdə, hörmət olan yerdə, nəticələr də görünür. Ölkəmizdə yüzlərlə idman, beynəlxalq idman yarışları keçirilmişdir və gələn il də yarışların keçirilməsi gözlənilir. Xüsusilə Xizək üzrə Dünya Kubokunu qeyd etmək istərdim. Çünki bu, ilk dəfə olaraq keçiriləcək tədbirdir və ilk ildən dünya kuboku səviyyəsində Qusarda, Şahdağ Xizək Kortunda keçiriləcək. Bu da Azərbaycanı və Şahdağı beynəlxalq xizək idmanının cədvəlinə salmış olur. Burada da ölkələrin sayı kifayət qədər məhduddur və Azərbaycanın burada da olması, qış idmanı növündə Dünya Kubokunun keçirilməsi əlbəttə ki, böyük hadisədir. Şahdağ Turizm Xizək Mərkəzinin inkişafı hər il təmin edilir. Hər il biz yeni traslar, yeni xizək zolaqları istifadəyə veririk. Əminəm ki, yaxın 1-2 ilə trasların uzunluğu 50 kilometri ötəcək, təqribən 55 kilometr olacaq. Gələcəkdə yeni mərhələnin inkişafı ilə bağlı da məsələlərə baxılacaq. Amma hazırda bu, bizim bölgəmizdə ən inkişaf etmiş xizək mərkəzidir və orada mövcud olan infrastruktur, hotellərin sayı və gələcək planlar, – indi özəl sektor tərəfindən oraya çox böyük maraq göstərilir,- bütövlükdə o bölgədə minlərlə iş yerinin yaradılmasına gətirib çıxarıb. Təkcə Şahdağ Xizək Mərkəzi bundan faydalanmır, bütün ətraf kəndlər, şəhərlər, orada işləyən, yaşayan insanların bir çoxu turizmin bu sektoruna da cəlb edilib.

       Güləş Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə malikdir. Bizim siyasətimizin əsas istiqamətlərindən biri də gəncləri sağlam ruhda tərbiyə etməkdir, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə, ölkəmizin inkişafı daimi olsun, əbədi olsun. Əlbəttə ki, burada əsas amil cəmiyyətdə mövcud olan ab-havadır. Bu da çox müsbətdir. Gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir. Sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır. Yaxşı əhval-ruhiyyədə olmaq üçün idman çox yaxşı vasitədir.

                                                                                    Xalid Hüseynov,                                    

                                          Lənkəran-Astara Regional Gənclər İdman

                                           İdarəsinin Cəlilabad rayonu üzrə gənclər

                                           və idman sektorunun  baş məsləhətçisi