Bir il bundan əvvəl 27 sentyabr 2020-ci ildə Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək bizim döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutmuşdur. Bu namərd atəş nəticəsində ilk saatlarda mülki şəxslər, hərbçilər həlak olmuşdur. Bu qanlı cinayətə cavab olaraq Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatının başlanılmasına dair tarixi qərar qəbul olunmuşdur.
Azərbaycan müharibəni hərbi-siyasi yollarla həll etdi, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Ancaq Azərbaycanda yox! Bu məsələ artıq öz həllini tapdı.
Müharibələrdə böyük qələbələrin əsasında duran ən başlıca amil xalq-dövlət-ordu birliyinin sarsılmaz vəhdətinin təmin olunmasıdır. İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakarlıqla fəaliyyət göstərirdilər. Müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Azərbaycanın bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı.
Ötən il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi qüdrətli Azərbaycan Ordusunun Zəfər yürüşünə çevrilmişdir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatının həyata keçirilməsi, döyüş meydanında möhtəşəm qələbə qazanılması sayəsində Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olunmuşdur. Azərbaycan öz milli gücü və hərbi-siyasi qüdrəti ilə BMT-nin 4 qətnaməsinin döyüş meydanında icrasına müvəffəq olmuşdur. Eyni zamanda, 44 günlük Vətən müharibəsində Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki mənfur siyasətinin iflasa uğramasını şərtləndirmişdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın işğaldan azad olunmasına nail olmaqla tariximizdə heç bir dövlət başçısına nəsib olmayan möhtəşəm və tarixi Zəfərə imza atmışdır.
Bu tarixi Qələbə ilə Azərbaycan xalqı düşməndən qisas almış, şəhidlərimizin qanı yerdə qalmamışdır. Heç şübhəsiz, tarixi Zəfərin qazanılmasında xalqımızın milli həmrəylik, eləcə də ölkəmizdə fəaliyyət göstərən siyasi qüvvələrin birlik nümayiş etdirərək Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyinə birmənalı dəstək göstərməsinin mühüm rolu var. Vətənin bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlər, arxa cəbhədə çalışan mülki şəxslər, ümumilikdə, Azərbaycan xalqı cəsarət və qətiyyət göstərərək, bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirmişdir. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətləri də milli məsələlərdə ölkədə siyasi birliyin göstəricisidir.
Rza Rzayev, ziyalı