Şeyx Zayed bin Sultan Al Nəhyənin adını daşıyan bu nüfuzlu mükafata layiq görülmək hər bir şəxs üçün yüksək etimadın, dərin hörmətin və böyük məsuliyyətin göstəricisidir. Bu mükafat təkcə fərdi nailiyyətlərin qiymətləndirilməsi deyil, eyni zamanda bəşəri dəyərlərə, sülhə, tərəqqiyə və insan amilinə xidmət edən fəaliyyətin beynəlxalq səviyyədə tanınması deməkdir.
İlk növbədə, bu ali mükafata görə münsiflər heyətinə dərin minnətdarlığımı bildirmək istərdim. Bu qiymətləndirmə, göstərilən əməyin və səylərin düzgün istiqamətdə olduğunu bir daha təsdiqləyir və gələcək fəaliyyət üçün güclü stimul yaradır.
Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayed bin Sultan Al Nəhyənin adını daşıyan bu mükafata layiq görülmək xüsusi mənəvi məna daşıyır. Şeyx Zayed XX əsrin ən görkəmli dövlət xadimlərindən biri olaraq tarixə düşmüşdür. Onun müdrikliyi, uzaqgörən siyasi baxışları və xalqa xidmət fəlsəfəsi qısa müddət ərzində BƏƏ-ni regionun deyil, dünyanın ən firavan, sabit və nüfuzlu dövlətlərindən birinə çevirmişdir.
Şeyx Zayedin rəhbərliyinin əsasını insan amilinə verilən dəyər təşkil edirdi. O, dövlətin əsas gücünün təbii sərvətlərdə deyil, savadlı, rifahlı və birliyə söykənən cəmiyyətdə olduğunu daim vurğulayırdı. Təhsil, səhiyyə, sosial rifah və mədəniyyət sahələrinə yönəlmiş ardıcıl siyasət bu gün də Birləşmiş Ərəb Əmirliklərinin inkişaf modelinin əsas sütunları olaraq qalmaqdadır.
Eyni zamanda, Şeyx Zayed beynəlxalq münasibətlərdə dialoqa, qarşılıqlı hörmətə və sülhə əsaslanan siyasətin tərəfdarı idi. Onun təşəbbüsləri BƏƏ-ni qlobal əməkdaşlıq platformasında etibarlı tərəfdaş kimi tanıtmış, ölkənin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə yüksəltmişdir.
Bu mükafat, Şeyx Zayed irsinin bu gün də yaşadığını, onun ideyalarının və prinsiplərinin müasir dövrdə də aktuallığını qoruduğunu bir daha nümayiş etdirir. Belə bir adla bağlı mükafata layiq görülmək həm böyük şərəf, həm də bu dəyərlərə sadiq qalmaq öhdəliyidir.
Əminliklə demək olar ki, Şeyx Zayedin qoyduğu möhkəm təməl üzərində qurulan Birləşmiş Ərəb Əmirlikləri bu gün də davamlı inkişaf, innovasiya və humanist dəyərlər yolunda inamla irəliləyir. Bu yol isə yalnız bir ölkə üçün deyil, bütövlükdə region və dünya üçün nümunəvi inkişaf modelidir.
Rauf Salmanov
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
