• Be. Yan 20th, 2025

Siyasi maraqlar naminə törədilmiş cinayət

ByVuqar Ferzeliyev

Yan 20, 2025

         Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Hər il yanvarın 19-20-də Azərbaycan vətəndaşları vətəni uğrunda dəyərli canlarından keçən həmyerlilərini xatırlayırlar.

        1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu Azərbaycan xalqının SSRİ-dən azad olmaq istəklərinin qarşısını almaq məqsədi ilə Azərbaycan paytaxtına daxil oldu.

         Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. Rəsmi məlumatlara görə, Bakıya və başqa yaşayış məntəqələrinə sovet ordusunun hücumu vaxtı 131 nəfər, o cümlədən 117 azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar öldürülmüş, 744 nəfər yaralanmış, 400 nəfər həbs edilmiş, 4 nəfər itkin düşmüşdür.160 Evlərə, ictimai və şəxsi nəqliyyat vasitələrinə, şəhər təsərrüfatına və vətəndaşlara böyük maddi ziyan dəymişdi. Xalq başsız qalmışdı, vahimə içində idi.

       O zaman yalnız Ümummilli Liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq yanvarın 21-də öz ailə üzvləri ilə birlikdə Moskvadakı Azərbaycan nümayəndəliyinə gəldi və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edən bəyanatla çıxış etdi. Heydər Əliyev yüksək siyasi iradə nümayiş etdirərək 6 minədək adamın iştirak etdiyi izdihamlı yığıncaqda Moskvanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi imperiya siyasətinə öz etiraz səsini qaldırdı, bu ağır günlərdə yaralı, heç yerdən kömək almayan doğma xalqı ilə birgə olduğunu bildirdi. O, çıxışında və verdiyi müsahibələrdə 20 Yanvar faciəsinə siyasi qiymət verdi, əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, mərkəzin və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.

          Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

        Möhtərəm Prezidentimiz İlham Əliyevin bu  istiqamətdə məqsədyönlü, qətiyyətli mövqeyi söyləməyə əsas verir ki, Azərbaycan həqiqətlərini bütün dünyaya layiqincə çatdırmaqda bundan sonra da təsirli addımlar atacağıq.  Ölkəmizdə və bütövlükdə regionda sülh, davamlı inkişaf və işgüzar əməkdaşlıq naminə zəruri şəraitə nail olunacaqdır.

Vüqar Cavadov,

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin

Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir