Azərbaycan Prezidenti İlham Əliyevin 8 dekabr 2025-ci il tarixində Slovakiyaya rəsmi səfəri zamanı verdiyi bəyanat iki ölkə münasibətlərində yeni strateji xəttin formalaşdığını göstərir. Onun “Slovakiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanlarımız genişdir” fikri təkcə diplomatik jest deyil, reallığa çevrilmə potensialı olan qarşılıqlı maraqların ifadəsidir. Azərbaycan son illər müdafiə sənayesinin modernləşdirilməsi və texnoloji yeniliklərin tətbiqi istiqamətində mühüm addımlar atır. Slovakiya ilə müdafiə sənayesi əməkdaşlığı Azərbaycanın regional təhlükəsizlik mühitində dayanıqlılığını artırmaqla yanaşı, ölkənin sənaye və innovasiya siyasətinə yeni nəfəs gətirə bilər. Bu əməkdaşlığın əsas üstünlüklərindən biri də uzunmüddətli və qarşılıqlı faydaya əsaslanmasıdır. Birgə istehsal müəssisələrinin yaradılması, yüksək texnologiyalı avadanlıqların Azərbaycanda istehsalı, mütəxəssis hazırlığı proqramları və texnoloji mübadilə layihələri gələcək əməkdaşlığın perspektiv istiqamətləri kimi görünür. Cənab Prezident İlham Əliyevin bəyanatı həm də onu göstərir ki, iki ölkə arasında siyasi dialoq kifayət qədər etibarlı bazaya malikdir və müdafiə sahəsində tərəfdaşlığın dərinləşdirilməsi üçün lazımi siyasi iradə mövcuddur. Slovakiyanın Avropa İttifaqının üzvü kimi texnoloji və sənaye standartlarını bölüşməsi də Azərbaycanın müdafiə sənayesinin modernləşməsi üçün əlavə üstünlük yarada bilər. Nəticə etibarilə, bu səfər zamanı səsləndirilən fikirlər Azərbaycan-Slovakiya münasibətlərində yeni mərhələnin başlandığını göstərir. Müdafiə sənayesi sahəsində geniş əməkdaşlıq perspektivi yalnız iki dövlət arasında iqtisadi və texnoloji tərəfdaşlığı gücləndirmir, həm də regional və qlobal təhlükəsizlik anlayışına kömək edə biləcək strateji platforma formalaşdırır. Bu istiqamətdə atılacaq addımların iki ölkə arasında uzunmüddətli strateji tərəfdaşlığı daha da möhkəmləndirəcəyi şübhə doğurmur.
Ələddin Zeynalov
Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı
