Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 26-da Soçidə imzaladıqları üçtərəfli bəyanatda sülhə çağırış ifadələri yer alıb. Bəyanatda həmçinin, sərhədlərin demarkasiya və delimitasiyası və kommunikasiyaların açılması ilə bağlı siyasi iradənin orataya qoyulmasına dair çağırış var. Əsasən Rusiyanın moderatorluğu ilə keçirilən bu görüşün yekun bəyanatı da Rusiyanın birgə iştirakı ilə razılaşdırılıb. Bəyanatdan belə görünür ki, Rusiya sülhyaratma prosesini sürətləndirmək istəyir. Çünki Qərbi Avropanın, xüsusilə Fransanın proseslərə müdaxilə etməsi və dekabrın 15-də İlham Əliyevlə Paşinyan arasında keçiriləcək Brüssel görüşü Rusiyanı tələsməyə vadar edir.
Baş verən proseslər Soçi görüşündən sonra daha mürəkkəb mərhələyə qədəm qoyur. İndiyə kimi Rusiya prosesi nəzarət altında saxlayırmış kimi görünməyə çalışır və astagəllik edirdi. Hesab edirəm ki, bütövlükdə proseslər Rusiyanın nəzarətindən çıxmayacaq və Soçi prosesi kimi tarixə daxil olacaq. Buna görə də bəyanatda kompromislərə və qarşılıqlı güzəştlərə çağırış var.
Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərəcək. Ümumilikdə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərini iki ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcı, Vladimir Putinin vasitəçiliyi ilə Prezident İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın görüşünü ölkəmizin növbəti qələbəsi, Ermənistanın tarixi Zəfərimizdən sonra adi hal alan təxribatlarının iflasa uğradığının etirafı kimi dəyərləndirə bilərik. Bakı və Moskva ümumi regional yanaşmaya malikdir, liderlər arasında qarşılıqlı etimad, dostluq və anlaşma mövcuddur. Ümumilikdə, iki ölkə arasında strateji tərəfdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycan və Rusiya liderləri arasındakı dostluq hər iki dövlət başçısının açıq və səmimi siyasət yürütməsinə əsaslanır. Bunun fonunda N.Paşinyanın cılız və riyakar addımları Moskvanı qıcıqlandırır.
Üç tərəfli görüşdə Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail oldu. Yəni: Bəyanatda Qarabağ ifadəsi yoxdur; Ermənistan tərəfinin həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmur; sərhədlərin delimitasiya və demarkasiyasına çağırış edilir; avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar qəbul olunub, hər hansı bir şərt qoymadan Azərbaycan Prezidentinin mövqeyi sənəddə öz əksini tapıb. Ölkələr Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduqlarını təsdiq edirlər. Rusiya prezidenti “dəhliz” dedikdə “avtomobil və dəmir yolları” demiş, həmçinin mətbuat konfransında dəfələrlə “dəhliz” ifadəsini işlətmişdir.
Xudayar Soltanl