Prezident İlham Əliyevin cari ilin 4 aprel tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışında xeyli mühüm müddəalar qeyd olunub. Dövlətimizin başçısı vurğulamışdır ki, ölkələr, onların hökumətləri, investorlar, şirkətlər, aparıcı maliyyə təsisatları bizim komandamızdır və bu komanda genişlənir. bizi birləşdirən tərəfdaşlığın və əməkdaşlığın çox müsbət əzmi məsuliyyətimizin aydın təzahürüdür. Bu gün heç vaxt görünmədiyi kimi aydındır ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Bu, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların məsuliyyətidir. Əlbəttə ki, bu prosesin üç əsas iştirakçısı arasında maraqların tarazlığı beynəlxalq maliyyə təsisatlarının dəstəyi ilə bizim hekayətimizi və ya hekayətlərimizi uğura çevirdi. Mən hətta deyərdim ki, bu gün biz, həmçinin sənaye təhlükəsizliyi haqqında danışa bilərik, çünki sənayeni inkişaf etdirmək üçün bizə enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının, neft-kimya məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısıdır.
Prezident göstərib ki, Azərbaycan qazına mövcud tələbat var, ixtiyarımızda mənbələr var və nəqliyyat marşrutlarımız yerindədir. Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığı əldə olunub. Bu isə şaxələndirmə layihəsi daxilində növbəti şaxələndirmə deməkdir. Daha artıq alternativlər və seçimlər ola bilər.
Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Əməkdaşlığın yeni perspektivləri isə çox genişdir. Enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir. Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcəkdir. Əsas investorlarımız Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA Power” şirkətləridir. Həmçinin digər ölkələrdən olan şirkətlər də bizimlə çalışır. Bizim bərpaolunan enerji ehtiyatları baxımından nəhəng pontensialımız var, istər Xəzər dənizində, istərsə də qurudakı potensial olsun. Nəzərdə tutulur ki, “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olacağıq.
Bizim sözümüz imzamız qədər dəyərlidir. Qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur. Dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün hər şeyi edir. Avropa Komissiyasının dəstəklədiyi layihələr Avropa İttifaqında enerji təhlükəsizliyinin təmin edilməsinə nəzərəçarpan töhfə verəcək.
Ələkbər Dövlətov,
Lənkəran-Regional Qaz İstismarı İdarəsinin
rəisinin Cəlilabad rayonu üzrə müavini