21 may 2025-ci il tarixində Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü, Türk dünyasının birliyinin və strateji əməkdaşlığının daha da möhkəmləndirilməsi baxımından əlamətdar hadisə oldu. Azərbaycanın bu prosesdəki liderliyi və təşəbbüskarlığı, ölkəmizin regional və qlobal miqyasda artan nüfuzunun göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər, Türk Dövlətləri Təşkilatının daha da güclənməsinə və Türk dünyasının birliyinin möhkəmlənməsinə xidmət edir.
Tarixdə ilk dəfədir ki, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısı Macarıstanda keçirildi. Macarıstan təşkilatın tamhüquqlu üzvü olmasa da, müşahidəçidir. Viktor Orban bəyan etdi ki, rəsmi Budapeşt ev sahibi kimi beynəlxalq diplomatiyada vəziyyətin gündən-günə dəyişdiyi, təhlükələrin və çağırışların artdığı bir vaxtda dost ölkələrin bir araya gələrək beynəlxalq münasibətləri müzakirə etməsindən məmnundur. Hesab edirəm ki, Budapeşt zirvəsi TDT üçün vacib əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi və veriləcək vacib qərarlarla yadda qaldı.Bu tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı həm ikitərəfli və çoxtərəfli münasibətlərin dərinliyini, həm də türkdilli dövlətlər arasında strateji əməkdaşlığın genişlənməsini əks etdirən mühüm məqamlarla yadda qaldı. Bu çıxış bir daha göstərdi ki, Azərbaycan regionda etibarlı tərəfdaş və siyasi lider kimi mühüm rol oynayır.
Budapeşt Zirvə görüşü və bu tədbirdə qəbul olunan Bəyannamə qlobal çağırışlara cavab vermək üçün möhkəm əsaslar verir. Türk dünyasının inteqrasiya potensialı artıq reallığa çevrilməkdədir və bu prosesdə Azərbaycanın rolu mühüm strateji əhəmiyyət daşıyır. Siyasi iradə, iqtisadi imkanlar və ortaq dəyərlər üzərində qurulan bu əməkdaşlıq modeli, Türk Dövlətləri Təşkilatını qlobal proseslərdə daha fəal və təsirli güc mərkəzinə çevirmək imkanına malikdir. Bu istiqamətdə atılan addımlar isə gələcək nəsillərə daha güclü, davamlı və birləşmiş bir türk coğrafiyası miras qoymaq baxımından böyük əhəmiyyət daşıyır. Bu sənəd yalnız diplomatik bəyanat olmaqla kifayətlənmir, eyni zamanda türk dünyasının gələcəyinə dair strateji yol xəritəsidir.