• Şb. Dek 6th, 2025

Strateji inkişafı və regional təhlükəsizliyi təmin etmək məqsədimizdir

ByVuqar Ferzeliyev

Noy 17, 2025

                Prezident İlham Əliyevin qardaş Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinə yeni mərhələdə işıq tutacaq qədər geniş və əhatəlidir. Müsahibə dost və qardaş diyarlarda böyük maraqla qarşılanıb. Bu fakt onu göstərir ki, Azərbaycan Prezidenti və dövləti 5 dost və qardaş Orta Asiya dövləti ilə eyni coğrafiyada, ortaq məqsədlərlə hərəkət edir. Orta Asiyadakı türk dövlətləri, o cümlədən Tacikistan, Azərbaycanın bu proseslərdə mütləq iştirak etməsini vacib hesab edir.

Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə tarixi köklər, mədəni əlaqələr, dini-mənəvi dəyərlər, milli adət-ənənələr birləşdirdiyi üçün bu dövlətlər daim sağlam münasibətlərdə olmuş, bir-birlərinə dəstək vermişlər. Bu ənənələr hazırki dövrdə uğurla davam etdirilir. Mərkəzi Asiya ölkələri rəhbərlərinin son illərdə milli mənafelərin qorunması, təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın genişləndirilməsi üçün birgə yollar axtarır, tale əhəmiyyətli məsələlərdə eyni mövqeydən çıxış edirlər:

                Azərbaycan isə bunu məmnuniyyətlə qəbul edir, çünki biz Türk dünyasının bir parçasıyıq. Orta Asiya – Türküstandır və Türküstanda keçirilən istənilən formatlı görüşlər, təşkilatlanmalar Azərbaycansız təsəvvür oluna bilməz.

                Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın iqtisadi əlaqələrin inkişafı və perspektivli işbirliyi istiqamətlərinin müəyyənləşdirilməsi sahəsindəki aktiv fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Artıq mütəmadi olaraq keçirilən Azərbaycan-Özbəkistan Regional Forumu bu istiqamətdə əməkdaşlığın təşviqi üçün səmərəli platformadır.

                Ümumilikdə, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan–Özbəkistan münasibətlərinin sadəcə iki ölkə çərçivəsində deyil, bütövlükdə Türk dünyasında inteqrasiyanın sürətləndirilməsi, regional sabitlik və geoiqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi baxımından strateji çəkisini bir daha ortaya qoyur. Bu əməkdaşlıq modeli siyasi etimad, tarixi yaxınlıq və müasir çağırışlara cavab verən praqmatik yanaşmalar əsasında regionda yeni bir strateji inkişaf və təhlükəsizlik arxitekturasının mühüm seqmentlərini formalaşdırır.

Xəlil Məmmədov,

Cəlilabad şəhər 7 nömrəli

tam orta məktəbində müəllim