Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib. Prezident müşavirədəki çıxışında qeyd edib ki, Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsi həyata keçirilən infrastruktur layihələri arasında xüsusi yer tutan məsələdir.
Azərbaycan vətəndaşları yaxşı xatırlayırlar ki, vaxtilə bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapmışdır. Bu gün bizim əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir.Ökəmizdə son illər ərzində genişmiqyaslı infrastruktur layihələri icra edilmişdir, həm Bakıda, həm bütün bölgələrdə əsas infrastruktur məsələləri öz həllini tapmışdır. İyirimi il ərzində bir neçə regional inkişaf proqramı qəbul edilmişdir. Hər proqram beş ili əhatə edirdi və proqramlar uğurla icra olunmuşdur.
Biz son 20 il ərzində dörd böyük su anbarı inşa etmişik və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onların arasında xüsusilə “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarını qeyd etməliyəm. Əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının su təchizatı, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. “Taxtakörpü” su anbarı bizə imkan verdi ki, Samur çayının sularını “Ceyranbatan” su anbarına yığaq və orada ehtiyat yaransın. O cümlədən “Ceyranbatan” su anbarı tamamilə yenidən qurulmuşdur, yeni, müasir təmizləyici qurğular kompleksi inşa edilmişdir.
Bu istiqamətdə xeyli iş görülsə də, əfsuslar olsun ki, Bakının və Abşeron yarımadasının içməli su problemləri uzun illər ciddi problem kimi qarşıda durur. Genişmiqyaslı və müfəssəl dövlət proqramı hazırdır. Proqram Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək. Gözlənilən nəticə və nəticə indikatorlarına əsasən, məişət və kanalizasiya xidmətləri ilə əhatə olunan əhali sayının artması, məhəllədaxili və binadaxili su şəbəkələrinin 80 faizdən çoxunun yenilənməsi, sayğac əsaslı su uçotu sistemlərinin tətbiqi ilə su istehlakının effektiv idarə olunması nəzərdə tutulur.
Xanlar Mirzəyev,
Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi
