Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair birgə bəyannamə Bəyannamə region üçün həm tarixi dönüş, həm də çətin və mürəkkəb proseslərin başlanğıcıdır. Tərəflərin üzərinə hələ çox iş düşür. Ən önəmlisi isə iki ölkə xalqları arasında dərin ədavətin aradan qaldırılmasıdır. Nifrət və şübhə davam edərsə, sülhün təmin olunması mümkün deyil. Buna görə də sülhə nail olmaq üçün davamlı dialoq və dəstək vacibdir.
Bu prosesin uğurlu olması isə hər şeydən öncə Prezident İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyindən, həmçinin ABŞ Prezidenti Donald Trampın xələflərindən fərqli olaraq konstruktiv yanaşmasından asılıdır. Proses bundan sonra da bu tempdə davam edərsə, Ermənistan-Azərbaycan münaqişəsi sona çata və sülh əldə edilə bilər.
Sülh müqaviləsinin paraflanması saziş mətninin tərəflər arasında razılaşdırıldığını təsdiq edir. Birgə bəyannamədə ilk diqqət çəkən məqam Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin təsis olunması haqqında sazişin paraflanmasıdır. Bu, uzun illər davam edən və çoxlu insan itkisi, dağıntı və qarşılıqlı etimadsızlıqla müşayiət olunan münaqişənin rəsmi şəkildə sülhə doğru irəliləməsinin mühüm göstəricisidir.
Qeyd edək ki, sabitlik, inkişaf və fayda üçün barış mühiti son dərəcə vacibdir. Ancaq sülh ədalətli olmalıdır. Bunun üçün isə Azərbaycanın 2020-ci ilin Vətən müharibəsindəki qələbəsi əsas götürülməlidir. Daha doğrusu, Zəfərimizin yaratdığı reallıqlar. O reallıqlar ki, Ermənistanın onlarla zaman-zaman qəbullanmadığını, müxtəlif manipulyativ gedişlərə baş vurduğunu görmüşük. Əlbəttə, bu cəhdlər heç bir nəticə verməyib. Hesab edirik ki, Vaşinqtonun sülh təşəbbüskarlığı həmin cəhdləri, obrazlı desək, torpağa tapşıracaq. Yəni, Ermənistan avantüradan uzaq durub haqqında söz açdığımız fayda və mənfəəti düşünməlidir. Deməli, rəsmi İrəvan Bakının sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü şərtləri yerinə yetirməlidir. Yerinə yetirməlidir ki, Cənubi Qafqazın inkişafına maneçilik törədən Azərbaycanla münaqişə məntiqi tamamilə sıradan çıxsın.
Digər tərəfdən, Ermənistan Zəngəzur dəhlizinin açılmasına da maneə yaratmamalıdır. Çünki bu layihə Azərbaycanın beynəlxalq nəqliyyat və iqtisadi əlaqələrdə bərabərhüquqlu iştirakını təmin edən fundamental hüququdur. Hüququmuz sülh strategiyamızın qalib tərəf paradiqmasını vurğulamalıdır. Nəzərə alaq ki, bu vurğulanmada tarixi ədalət payı da var. Belə nəticəyə gəlmək mümkündür ki, regionda uzunmüddətli təhlükəsizlik, inkişaf və əməkdaşlıq üçün ədalətli davranmaq şərtdir və nəinki ABŞ-dan, bütövlükdə, dünyadan gözləntimiz də elə budur.
Fuad Əzizov,
Lənkəran-Astara Regional Mədəniyyət
İdarəsinin Cəlilabad nümayəndəliyi