Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərinə səfəri böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev azad olunmuş bölgələrə qalib ordunun və dövlətin qalib sərkərdəsi kimi səfər edir. Dövlətimizin başçısı müharibədən sonra azad olunmuş ərazilərə səfər edir, həmin torpaqlardan qarşıda duran vəzifələrlə bağlı öz mesajlarını verir. Budəfəki Şuşa səfəri zamanı bir sıra infrastruktur layihələrinin, quruculuq işlərinin təməli qoyuldu, Şuşa şəhərinin baş planı təqdim edildi. 30 ilə yaxın müddət ərzində bu torpaqları işğal altında saxlayan düşmən dövlət siyasəti dərəcəsinə çatdırılan terror hərəkətləri törədib, evləri, infrastrukturu dağıdıb, yeraltı və yerüstü sərvətləri talan edib. Bir sözlə, bir vaxtlar həyat qaynayan rayonlarda dədə-baba torpaqlarından qovulan azərbaycanlıların ev-eşikləri erməni vandalları tərəfindən yerlə-yeksan olunub. Bəli, bu, erməni xislətinin mahiyyətini, vandallığını, vəhşiliyini göstərir.
Şuşada Vaqif Poeziya Günlərinin bərpası dünyadakı bütün azərbaycanlılar üçün möhtəşəm hadisədir. Torpaqlarımızın işğaldan azad edilməsindən çox qısa zaman keçib. Lakin Şuşada bu möhtəşəm quruculuq, abadlıq işlərini görmək insana başqa bir güc verir. Eyni zamanda, bütün dünyaya göstəririk ki, böyük mədəniyyət abidələrini, tarixi abidələri dağıtmaq, məhv etmək ermənilərin xislətidir. Azərbaycan xalqının məqsədi isə hər zaman qurmaq, yaratmaq, inkişaf etdirməkdir. Vaqifin məqbərəsi əvvəlki əzəməti ilə ucalır. Eləcə də güllələnmiş abidələr öz yerinə qaytarıldı. Düşünürəm ki, Üzeyir bəyin, Xurşidbanu Natəvanın, Bülbülün ruhu şaddır. Çox qısa zamanda digər tarix mədəniyyət abidələri də bərpa olunacaq. Şuşa şəhəri mədəniyyət paytaxtımız kimi bütün dünyaya öz şöhrətini daha yüksək səviyyədə təqdim edəcək.
Təcavüzkar Ermənistan ötən 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlamaqla yanaşı, milli-mədəni abidələrimizə, milli sərvətlərimizə qarşı da soyqırımı həyata keçirib. Ermənilər işğal dövründə bəzi məscidlərimizi, tarixi abidələrimizi təmir adı altında təhrif etməyə və oradan xalqımıza məxsus olan izləri silməyə çalışıblar. Təbii ki, onlar buna nail ola bilməyiblər. 44 günlük Vətən müharibəsində əldə olunan müzəffər qələbə torpaqlarımızla yanaşı, tarixi abidələrimizin də işğaldan azad olunmasını təmin etdi. Ölkə Prezidenti cənab İlham Əliyev Şuşada Vaqif poeziya günlərinin açılışındakı çıxışında bildirdi ki, "44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik". Bu gün Şuşada aparılan geniş abadlıq-quruculuq işləri hər birimizi qürurlandırır. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa artıq öz tarixi ənənələrini davam etdirir. Orada keçirilən Vaqif poeziya günləri ölkəmizin şanlı qələbəsinin möhtəşəm nəticələrindəndir.
Ülkər Cavadova, müəllim