Gənclərin ilk Forumunun keçirilməsindən 30 il ötür. Tələbə gənclər təşkilatları, müxtəlif universitetlərin tələbələrinin iştirakı ilə düşərgə, yarış, forum və intellektual fəaliyyətlərdə təxminən 9000 gənc iştirak etmiş, onların bilik, bacarıq, liderlik və komanda işinin inkişaf etdirilməsi təmin olunmuşdur. “Universitet liqası” intellektual oyununda 257 komanda və 1500-dən çox gənc iştirak etmişdir. Eyni zamanda, E-sport həvəskarları üçün 170 gənc, 53 komandanın iştirakı ilə “Azərbaycan Universitet Liqası” təşkil edilmiş, Fibonaççı İntellektual yarışı üzrə Respublika çempionatı 2000-dən çox gənc əhatə etmişdir. Debat turnirləri və forumlarda isə 80 komanda, 600-dən çox iştirakçı, habelə “Bakı Gənclər Debat Forumu: Qış – 2025” və “Respublika Gənclər Debat Forumu”nda 920-dən çox gənc iştirak etmişdir;
20 Yanvar faciəsinin 35-ci ildönümü və 26 fevral 2025-ci il tarixində “Xocalı soyqırımı” ilə əlaqədar X platformasında sosial media aksiyası təşkil edilib. Respublikada Gənclər təşkilatlarının elektron şəbəkəsinin və reytinq sisteminin formalaşdırılması məqsədilə TƏSDİQ platforması yaradılmış və ilkin mərhələdə təxminən 50 təşkilatın müraciəti qeydə alınmışdır. 2026-cı ildə gənclər təşkilatlarının sayının artırılması və reytinq sisteminin elan edilməsi məqsədilə qeydiyyatın davam etdirilməsi planlaşdırılmışdır.
2025-ci il ərzində ölkə üzrə gənclərin inkişafı və fəallığının artırılması məqsədilə geniş miqyaslı tədbirlər həyata keçirilmişdir. İlin əvvəlindən sonunadək təşkil olunmuş düşərgə, forum və proqramlarda ümumilikdə 778 nəfər gənc iştirak etmişdir.
Bizi sevindirir ki, 2025-ci ildə ölkə üzrə 33 “Gənclər evi” sosial xidmət müəssisəsində 5943 tədbir təşkil olunub və ümumilikdə 112.969 gənc iştirak edib. İl ərzində regionlarda gənclərlə iş sahəsində çalışan əməkdaşların bilik və bacarıqlarının artırılması məqsədilə 7 mərkəzdə təlim proqramları, maliyyə və idarəçilik təlimləri, panel müzakirələr, ekskursiyalar, sosial aksiyalar, “4P Gənclər evi” düşərgəsi keçirilmiş, təlim və düşərgələrdə 250-dən çox müəssisə əməkdaşı iştirak edib. Bu işlərdə Cəlilabad gənclərinin də payı vardır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
2 Fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar tələbə yoldaşlarımın adından bütün Azərbaycan gənclərini təbrik edirəm, onlara Vətənin tərəqqisi naminə ən xoş arzularımı bildirirəm.
Aynur Qəhrəmanova,
ADPU-nun Cəlilabad filialının lll kurs tələbəsi
