• Şb. Avq 23rd, 2025

Tarix bir daha göstərdi ki…

ByVuqar Ferzeliyev

Avq 23, 2025

        Azərbaycan müstəqilliyinin ilk illərində çoxsaylı təhlükələrlə üzləşmiş, ağır sınaqlardan keçmişdir. Daxili çəkişmələr, dövlət idarəçiliyindəki özbaşınalıq və səriştəsizlik, ağır siyasi və iqtisadi böhran ölkəni vətəndaş müharibəsi astanasına gətirmiş, onun gələcək taleyini sual altına qoymuşdu. Məhz bu şəraitdə Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmış, yüz minlərlə soydaşımız öz dədə-baba yurdlarından didərgin düşmüşdür. Baş verənlər bir daha göstərmişdir ki, həqiqi müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir. Kəlbəcər uğrunda tökülən qanlar, amansız vuruşmalar da xatirələrdən heç vaxt silinməyəcəkdir.

       Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış

məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi- mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.

            Tarix bir daha göstərdi ki, 2020-ci il noyabrın 10-da müharibənin dayandırılması ən düzgün addım idi. Kəlbəcəri 2020-ci ilin sonunda, – artıq qış başlamışdır, – hərbi yolla azad etmək böyük itkilərlə nəticələnərdi. Təbii ki, biz azad edəcəkdik. Çünki Ermənistan ordusunu biz o vaxt demək olar ki, məhv etmişdik. Ancaq onların güclü istehkamları var idi. O vaxt Ağdərə rayonu bizim nəzarətimizdə deyildi. Tək yeganə istiqamət Murov istiqamətindən idi və yenə də deyirəm, biz böyük itkilər verə bilərdik. Ona görə tarix bir daha göstərdi ki, 2020-ci il noyabrın 10-da müharibənin dayandırılması ən düzgün addım idi. Ancaq bununla bərabər, o vaxt hələ də torpaqlarımızın bir hissəsi nəzarətimizdə deyildi. O vaxtdan 2023-cü il sentyabrın 19-na qədər bizim qarşımızda duran əsas hədəf ölkəmizin suverenliyini tam bərpa etmək idi. O tarixi siz yaxşı xatırlayırsınız, həm dırnaqarası Laçın dəhlizini yox etmək və bunu Laçın-Xankəndi yoluna çevirmək, həm Ermənistan-Azərbaycan sərhədində Laçın istiqamətində nəzarət-buraxılış məntəqəsinin yaradılması, eyni zamanda, 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər önəmli strateji nöqtələrin götürülməsi, “Fərrux”, “Qırxqız”, “Sarıbaba” əməliyyatları – bütün bunlar şanlı tariximizdir və bütün bunlar məqsədyönlü siyasətimizin bir hissəsi idi. Təbii ki, o vaxt biz bir çox şeyləri dilə gətirmirdik, buna ehtiyac da yox idi. Ancaq hədəfə doğru gedirdik ki, bizim torpağımızda bir dənə də olsun separatçı qalmamalıdır. Separatizmin başı əzilməlidir, kökü kəsilməlidir və bunu da etdik. Cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində separatçı xunta kapitulyasiya aktına imza atdı. Öz saxta dırnaqarası respublikasının guya süquta uğramasını əks etdirən sənəd imzaladı;

Firuz Mehdiyev

Ocaqlı kənd 1 nömrəli tam orta məktəbində müəllim,

Vətən müharibəsi qazisi