Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması prosesi ölkəmizin əsl müstəqilliyinin tarixidir. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə yenidən qayıdması və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti tam dəyişdi. Heydər Əliyev Azərbaycanın ordu quruculuğu sahəsində çox mühüm tədbirlərin həyata keçirilməsinə təkan verdi və cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmana əsasən 26 iyun tarixinin Silahlı Qüvvələr Günü kimi elan olunması, tarixi həqiqətin və milli ordu quruculuğunda varislik ənənələrinin bərpa edilməsi baxımından böyük bir əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti sələfləri tərəfindən başlanan bu müqəddəs işi layiqincə yerinə yetirir və müstəqil ölkəmizin ordu quruculuğu tarixinə yeni-yeni nailiyyətlərlə dolu parlaq səhifələr yazır. 2020-ci ilin 27 sentyabrından 10 noyabr tarixinə qədər davam edən 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı, ölkənin ərazi bütövlüyü bərpa edildi!
Bu tarixi qələbə, ilk növbədə, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin azad iradəsi və müzəffər Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi şücaəti nəticəsində qazanıldı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi və xalqımız bu əsnada bütünlüklə dövlətimizin başçısının ətrafında cəmləşdi. İkinci Qarabağ müharibəsi Azərbaycan Xalqının şanlı tarixidir. Bu Qələbə tarixdə əbədi qalacaqdır. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv etdi və öz ərazi bütövlüyünü tam bərpa etdi. Azərbaycan ordusu mənfur düşməni torpaqlarımızdan qovdu, ədalət və beynəlxalq hüquq tam bərpa etdi.
Ağayev Telman
Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru