Prezident İlham Əliyev 28 may gününü Ağdamda qeyd etdi. Bunun çox böyük rəmzi mənası var. Ağdam şəhərinin Baş Planı təsdiq edildi. Bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Qalib Ali Baş Komandan yenə də işğaldan azad edilmiş ərazilərimizə, bu dəfə məhz müstəqilliyimiz günündə Ağdama növbəti tarixi səfərini gerçəkləşdirdi.
Bu, Qarabağa sahiblənməyin növbəti nümayişi idi. Bu, qalibiyyətin, əzmin, cəsarətin növbəti təntənəsi və təcəssümü idi. Bu, düşmənə və onun havadarlarına verilən növbəti mesaj, öldürücü zərbə idi. Deməli, heç bir qüvvə, heç bir güc bizi artıq Qarabağdan ayıra bilməz. Bu, mümkün deyil və prezidentin bəyan etdiyi kimi, mümkün də olmayacaq. Düşmən də, onun havadarları da bunu qulaqlarında sırğa etməlidirlər!
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə dövlətimizin gücünü nəinki düşmənə, həm də bütün dünyaya göstərdi. Böyük Zəfərimiz ordumuzun yenilməzliyini, xalqımızın əzmkarlığını, xalq, ordu və iqtidar arasındakı monolit birliyi bir daha sübut etdi. Əslində, bu Zəfər Ali Baş Komandanımızın Azərbaycan xalqının işğalla heç vaxt barışmayacağı və güzəştə getməyəcəyi ilə bağlı beynəlxalq ictimaiyyətə və təşkilatlara ünvanladığı bəyanatın təzahürü idi. Hər anı əfsanəvi qəhrəmanlıqlarla dolu bu müharibə dünya tarixinin, XXI əsr hərb elminin şəhidlərimizin qanı ilə yazılmış yeni səhifələri oldu. Tarixi ədaləti bərpa etmiş Azərbaycan xalqı. düşməni əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi.
Həmişə olduğu kimi Prezidentin bu səfəri də bir sıra açılışlarla yadda qaldı. Ağdam şəhəri üçün çox önəmli və 140 illik tarixi olan 1 saylı məktəbin, Ağdam Sənaye Parkının təməli qoyuldu. Bu parkın ərazisi təqribən 200 hektara yaxındır və orada yüzlərlə, gələcəkdə bəlkə də minlərlə insan işlə təmin ediləcək. Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu və artıq yaxın gələcəkdə yol istismara veriləcəkdir. Eyni zamanda, Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar işlərə start verilir. Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası hazırlanıb. Böyük meşə sahəsinin təməli qoyuldu. Şəhərin içində 125 hektarlıq. böyük bir meşə zolağı olacaq. Süni göl yaradılacaq, kanallar, körpülər inşa ediləcək. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. Bir daha inandıq ki, Ağdam şəhərinin infrastrukturu tamamilə bərpa olunacaq.
Müzəffər Ali Baş Komandanın səfər zamanı çıxışında bir daha bəyan etdiyi kimi, biz xalqımızın yeni tarixini yazdıq, şanlı qəhrəmanlıq tarixini yazdıq.
Və azad edilmiş torpaqlarda bu gün artıq böyük quruculuq işləri aparılır, böyük infrastruktur layihələri icra edilir. Əlbəttə, çətin işlər hələ qabaqdadır.
Müzəffər Ordumuzun Ali Baş Komandanı bir daha qətiyyətli, əzmli şəkildə bildirdi ki, bu gün buraya bu torpaqların sahibləri kimi qayıtmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır
və bu bayraq burada əbədi dalğalanacaq. Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq. Bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq, buraya həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik. Ağdam bizimdir! Qarabağ Azərbaycandır!
Hikmət Aslanov, Cəlilabad rayon sakini, müəllim