• C. Okt 18th, 2024

Tarixin dərslərini unutmaq olmaz!

ByVuqar Ferzeliyev

Okt 1, 2024

      3 oktyabr Azərbaycan xalqının həyatında unudulmaz tarixdir, Ümummilli Lider Heydər Əliyevin prezident seçildiyi gündür. Bəşəriyyətin dünyaya bəxş etdiyi az sayda şəxsiyyətlər vardır ki,  tarixdə onların bənzəri olmur, onlar insanlığın zirvəsinə  çevrilir, xalqının sevimlisi, istinad mənbəyi olur, bütün ictimai və siyasi fəaliyyətini onun xoşbəxt gələcəyi naminə qurur, bir sözlə,  insanlıq tarixində əbədiyaşarlıq qazanırlar.  Bu şəxsiyyətlər sırasında xalqımızın ümummilli lideri Heydər Əliyevin əlçatmaz, uca və bənzərsiz yeri var.

       Xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtuldu, ölkəmiz sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşdu.

       Ümummilli lider ölkəmizdə siyasi gərginliyin, hakimiyyət böhranının kəskinləşdiyi bir dövrdə hakimiyyətə gəldi. Həmin vaxt xaos və anarxiya respublikanı bürümüşdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə almışdı. Bir tərəfdən də Ermənistanın təcavüzü ilə üzləşən ölkəmiz təşviş içində idi.

       Separatçılıq cəhdlərinin və vətəndaş qarşıdurmasının qarşısı alındı. Avqustun 7-də bizim cənub bölgəsində “Talış-Muğan Respublikası” elan  olunmuşdu. Bununla əlaqədar Heydər Əliyev avqustun 13-də parlamentdə həmin bölgədən olan deputatlar, ziyalılar, ağsaqqallarla görüşüb vəziyyəti müzakirə etdi. Avqustun 17-də isə Milli Məclis “Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında” qərar qəbul edərək “Talış-Muğan Respublikası” avantürasına siyasi qiymət verdi. Tezliklə əhalinin istəyi ilə bu bədnam iddiaya son qoyuldu.

        Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan, torpaqlarımızı erməni işğalından azad edən güclü və qalib orduya malik olması Heydər Əliyevin misilsiz xidmətlərindən sayıla bilər. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirən şəxs məhz Ulu Öndər olmuşdur. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində işğal altında olan torpaqlarımız azad edildi. Əsasını Ulu Öndərin qoyduğu müasir və güclü Azərbaycan Ordusu cəmi 44 günə düşmənin silahlı qüvvələrini darmadağın etdi.
        Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ulu öndər Heydər Əliyev zamanın çağırışına cavab verən, zamanı qabaqlayan dahi şəxsiyyət idi. Onun fəaliyyəti sabaha ünvanlanan fəaliyyət idi. Məhz həmin fəaliyyətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada aparıcı söz sahibinə çevrilib.

Əmrah Quliyev,

Cəlilabad  Bələdiyyələrinin

Əlaqələndirmə Şurasının Sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir