Azərbaycanın qədim şəhəri olan Qəbələdə Azərbaycan üçün bu zirvənin Qəbələdə keçirilməsi həm simvolik, həm də strateji məna daşıyır. Qəbələ geniş coğrafiyanı əhatə edən, eramızdan əvvəl IV əsrdə əsası qoyulmuş və eramızın VIII əsrinə qədər mövcud olmuş Qafqaz Albaniyasının paytaxtı idi. Qəbələ Azərbaycanın tarixində qədim dövlətçilik mərkəzi olmaqla yanaşı, bu gün müstəqil Azərbaycanın diplomatik gücünün təzahürünə çevrilib. Azərbaycanın ev sahibliyi, onun TDT məkanında lider ölkələrdən biri kimi nüfuzunu daha da möhkəmləndirir.
Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi artıq ənənəyə çevrilib. Ötən il ilk dəfə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və bu il Budapeştdə baş tutmuş görüşümüz mühüm qərarlarla yadda qalmışdır.
Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı büstün dünyada maraqla izləndi və mesajlarla yadda qaldı.
Qeyd olundu ki, 2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir.
Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir.
Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir. Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir.
Fikrimizcə, sammitdə cənab Prezidentimizin hərbi təlimlərin keçirilməsi təşəbbüsü də, təşkilat daxilində hərbi-texniki əməkdaşlığın gücləndiyinin göstəricisidir. Türk dostluğu bizim ümumi gücümüzə çevrilir və Türk dünyasının hər bir istiqamətdə daha da möhkəmlənməsinə təkan verir.
Ofeliya Sadatova,
Cəlilabad rayon Heydər Əliyev Mərkəzin direktoru